Tbilisinin müstəqil qərarları Vaşinqtonda hiddətlə qarşılanır
ABŞ Gürcüstanla birgə təlimləri ləğv edib
ABŞ Müdafiə Nazirliyi iyulun 25-dən avqustun 6-dək Gürcüstanda keçirilməsi planlaşdırılan Noble Partner hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.
Gürcüstan mediasının məlumatına əsasən, ABŞ rəsmi Tbilisinin Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətindən qəzəblidir, ona görə də birgə təlimləri təxirə salmağı qərara alıbdır.
ABŞ-ın açıqlamasına cavab olaraq, Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatların “Layiqli Tərəfdaş 2024” çoxmillətli təlimini qeyri-müəyyən müddətə təxirə salmasından təəssüflənir.
ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan isə deyib ki, dövlət katibi Gürcüstanla ikitərəfli münasibətlərin nəzərdən keçirildiyini açıq şəkildə bəyan edib. O, həmçinin qeyd edib ki, təlimlər bəzi şəxslərin, o cümlədən hakim partiya üzvlərinin ictimai bəyanatları səbəbindən ləğv edilib və münasibətlərə yenidən baxılır.
Ehtimallara görə, Gürcüstan hökumətinin Rusiyanın xeyrinə siyasi dönüşü və “xarici agentlər” qanununun təsdiqindən sonra Qərb və NATO Cənubi Qafqazda alternativ olaraq Ermənistanı seçib.