İyul 13, 2024 12:34 Asia/Baku
  • “Ermənistan-ABŞ təlimləri Cənubi Qafqazda sabitliyə təhlükədir”

Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün plasdarm yaratmaqdır.

Zaxarova vurğulayıb ki, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. Bunlar isə ilk növbədə Rusiya və İrana qarşı yönəlib.

Xatırladaq ki, iyulun 15-24-də keçiriləcək “Qartal partnyorluğu 2024” kod adlı təlimlərdə Ermənistanın sülhməramlı briqadasının əsgərləri, ABŞ-ın Avropa və Afrikadakı qüvvələri, habelə Kanzas ştatının Milli Qvardiyası iştirak edəcəklər.

Ötən ilin sentyabr ayında ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi İrəvan yaxınlığında buna bənzər iki birgə təlim keçirmişdilər.

İyulun 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Qərbin Ermənistanla yaxınlaşması Rusiyanın maraqlarına qarşı yönəlib.