Avq 14, 2024 14:41 Asia/Baku
  • Azərbaycanın Rusiya ilə ticarət əlaqələri artıb

Avqustun 13-də Azərbaycan Dövlət Statistika Komitəsi bildirdi ki, 2024-cü ilin altı ayında ölkənin xarici ticarət dövriyyəsi azalıb, əvəzində Rusiya ilə ticarət əlaqələri ümumi çəkidə 8 faizdən 10 faizə yüksəlib.

Elə avqustun 9-da Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında da bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 17.5 faiz artaraq 4.4 milyard ABŞ dolları təşkil edib. Qeyd edilib ki, ötən il qarşılıqlı yükdaşımalar 10 faiz, bu ilin ilk altı ayında isə 3 faiz artıb.

Turan xəbər agentliyi bu barədə bir material dərc edərək bildirir ki,dünyada Ukraynaya təcavüzlə bağlı Rusiyaya sanksiyalar artdığı bir vaxtda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin artması ölkədə birmənalı yozulmur.

Turan keçmiş deputat Vahid Əhmədova istinadla yazır: “Hələlik, özümüzə düşmən yaratmağa ehtiyac yoxdur. Fikir verin, Şuşa bəyannaməsindən (Türkiyə ilə müttəfiqlik bəyannaməsi) sonra Moskva sənədi imzalandı. Bu, o demək deyil ki, Rusiya nə deyir, onu da etməliyik. Sadəcə, indiki vəziyyəti hələ qorumaq lazımdır."

İqtisadçı Vahid Məhərrəmov isə fərqli düşünür. O hesab edir ki, Azərbaycan get-gedə Rusiyadan idxal asılılığı azaltmalıdır. Onun fikrincə, Azərbaycan daha çox çalışıb, daha keyfiyyət məhsul istehsal edib Avropa bazarına çıxmalıdır: "Niyə Gürcüstan və Ermənistan bunu edə bilir, Azərbaycan yox?! Halbuki Azərbaycanın aqrar şəraiti daha münbitdir.

V.Məhərrəmov idxalı azaltmağın vacibliyini də qeyd edib: "Azərbaycanda yeyinti məhsulları var ki, onlarla özünü 100 faiz təmin edə bilər. Amma bu gün o məhsulları idxal edirik, xüsusən buğda, süd, ət, kərə, bitki yağları, hətta çayı da idxal edirik. Ölkənin bu məhsulları istehsal etmək potensialı var".

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında "... müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Orada iqtisadi, siyasi, mailiyə və qalan bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsi vacib sayılırdı.

Teqlər