Azərbaycan və Ermənistan arasında Atəşkəsin pozulması barədə qarşılıqlı bəyanatlar
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan tərəfindən Naxçıvanın Sədərək rayonundakı hərbi bölmələrin atəşə məruz qaldığını bildirib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi dünən də bir məlumat yayaraq Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulduğunu bildirmişdi.
Azərbaycan Müdafiə Nazirliyinin dünənki məlumatı Ermənistan tərəfindən təkzib olundu. Ermənistan Müdafiə Nazirliyi bildirdi ki, bu məlumat həqiqətə uyğun deyil. Ermənistan MN-nin məlumatında o da bildirilir ki, diplomatik kanallarla Azərbaycan Respublikası prezident administrasiyasına atəşkəsin pozulması hallarının araşdırılması üçün qarşılıqlı mexanizmlərin yaradılması təklif edilib.