Avq 19, 2024 14:37 Asia/Baku
  • Rusiya prezidentinin Bakıya ikigünlük səfəri baş tutub

Putin: Biz Azərbaycanda rus dilinin inkişafına göstərilən diqqətə görə məmnunuq

Rusiya prezidenti Bakıda dövlət səfərində olub, müxtəlif məsələlər ətrafında müzakirə aparıb, səhər Şəhidlər Xiyabanına və Heydər Əliyevin məzarına əklillər qoyub. Bundan sonra "Zaqulba" iqamətgahında Rusiya prezidentilə rəsmi görüş mərasimi keçirilib.

Mərasimdən sonra İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü başlayıb.

Bu görüşdə Putin deyib ki, Azərbaycana səfərdən sonra Əliyevlə danışıqların nəticələri barədə Paşinyana məlumat verəcək.

Onun sözlərinə görə, Rusiya Federasiyası hər iki tərəfin ehtiyac bildiyi dərəcədə Bakı və İrəvan arasında nizamlanmada iştiraka hazırdır. “Rusiya Ermənistanla Azərbaycan arasında sülhün imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilərsə, bundan məmnun olar”,-deyə Putin vurğulayıb.

Məhdud tərkibdə keçirilən görüşdə çıxış edən prezident İlham Əliyev isə deyib: “2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük.

Rusiya prezidenti Vladimir Putin isə qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Rusiyanın dövlət başçısı həmçinin bildirib: “Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq”.

Görüşün sonunda Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlərin Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

 

Teqlər