Avq 23, 2024 12:14 Asia/Baku
  • Ermənistan Lavrovun ittihamları fonunda Rusiyanın sülh prosesindəki rolunu tənqid edib

Ani Badalyan: Ermənistan sülh gündəliyinə sadiqdir

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bazar ertəsi verdiyi bəyanat bu dövlətin “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində konstruktiv iştirakına” şübhələr yaradır.  

Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Rusiyanın 10 noyabr 2020-ci il sənədini imzalamasına və onun nəzərdə tutduğu proseslərdə iştirakına və məsuliyyətinə baxmayaraq, bu dövlət öz məsuliyyətindən yayınır. Rusiyanın xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa Ermənistan heç bir başqa sazişin tərkib hissəsi deyil və ona görə də onları sabotaj edə bilməz”.

Onun sözlərinə görə, Ermənistan Respublikası Hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsi artıq beynəlxalq ictimaiyyətdə geniş tanınır və bir neçə dəfə Rusiya Federasiyasının nümayəndələrinə də təqdim olunub. Layihə çərçivəsində regional kommunikasiyaların açılması sözün əsl mənasında hər an mümkündür.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya dövlət səfəri zamanı Ermənistan-Azərbaycan münasibətlərinə toxunub. Lavrov 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərə əməl olunmasının vacibliyini vurğulayıb. Lavrovun sözlərinə görə, bu sazişlər münaqişənin bütün aspektlərini əhatə edir və hərtərəfli həlli üçün zəruri addımları müəyyən edir. Lavrov Rusiyanın tezliklə sülh müqaviləsinin imzalanmasına və regional kommunikasiyaların açılmasına dəstəyini ifadə edib. O, həmçinin Ermənistan rəhbərliyini kommunikasiyaların blokunun açılması prosesini sabotaj etməkdə ittiham edib.

 

Teqlər