Hakim partiyanın təsisçisi:
Gürcüstan konstitusiya modelinə keçə bilər
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçirməyə hazırdır.
“Nezavisimaya qazeta” xəbər verir ki, bunu partiyanın təsisçisi Bidzina İvanişvili Telavi şəhərində partiyasının seçki mitinqində çıxışı zamanı deyib.
“Oktyabrın 26-da səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə hazırdır ” - İvanişvili
O, həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.
Gürcüstanın indiki hökuməti dəfələrlə ölkənin birləşməsi halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib.
Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub.
Gürcüstanın hakim partiya mənsublarının Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatlarına Rusiyanın diplomatik mövqeyi diqqət çəkir. Lavrovun müavini Qaluzun Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün rəsmi Tiflisin mövcud reallıqları qəbul etməli olduğunu bildirib. O güc tətbiq edilməməsinə və sərhədlərin demarkasiyasına çağırıb.
Qərb isə hazırda bütün informasiya-təbliğat qüvvələrini Gürcüstanın hakim partiyasına qarşı yönəldib. Əgər qərb Gürcüstandakı parlament seçkilərində istəklərinə nail olsa, Gürcüstan yenidən çıxılmaz dalana düşəcək.