Paşinyan Moskvanın əsəbini tarıma çəkir
Ermənistan parlamenti Aİ-yə daxil olmağa razılıq verib
Rusiyanın xəbərdarlıqlarına rəğmən, Ermənistan parlamenti bu ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
Bu məlumata əsasən, qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.
Hakim partiyanın deputatlarının fikrincə, "bu layihə Avropa İttifaqına üzvlük üçün müraciət deyil, Avropa İttifaqına mesajdır və siyasi iradənin ifadəsidir". Lakin müxalif "Ermənistan" fraksiyasının deputatlarının fikrincə, layihə "seçkilər ərəfəsində biabırçı blef, daxili siyasi məqsədlər üçün həyata keçirilən xarici siyasi avantüradır". Ona görə də "Ermənistan" fraksiyası səsvermədə iştirak etməyib.
Yanvarın 9-da hökumət Ermənistanın Avropa İttifaqına qoşulma prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib. Layihənin müəllifləri Qərbpərəst "Avroreferendum" partiyasının üzvləridir. Onlar qanun layihəsini parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imza toplamışdılar.
Moskva elə həmin gün Ermənistan hökumətinin bu qərarına reaksiya verib. Rusiya baş nazirin müavini bu addımı Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi gördüklərini və bu vəziyyəti nəzərə alaraq İrəvana qarşı iqtisadi siyasət hazırlayacaqlarını bəyan edib.
Ötən gün isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Ermənistanda elə siyasi qüvvələr var ki, Aİ-nin özünün bunda maraqlı olduğuna dair dəqiq anlayış olmadan, Avropa İttifaqına istiqamətlənmənin ölkənin özü və bu ölkə xalqının maraqları üçün əlavə dividendlər verəcəyini düşünürlər”.