Qərbin Ermənistana nəzarət cəhdləri artır
Avropalı parlamentarilər: Aİ-Ermənistan əlaqələri heç vaxt bugünkü qədər sıx olmamışdı
Ermənistan parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamasını təsdiqləməsindən sonra avroplalı parlamentarilər İrəvanda peyda olublar.
Cam-Nyus portalının məlumatına əsasən, Avropa Parlamentinin üzvü Nils Uşakovs Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 4-cü iclası zamanı deyib: “Aydındır ki, Ermənistan nə bu ilin sonunda, nə də gələn il Avropa İttifaqına daxil olmayacaq. Bu proses vaxt tələb edir. Lakin Ermənistanın Aİ-yə üzvlük yolunda apardığı bütün islahatlar onu daha da gücləndirəcək”.
Sessiyadan sonra keçirilən mətbuat konfransında komitənin həmsədri Nils Uşakovs qeyd edib ki, Avropa standartlarına uyğun islahatlar Ermənistanı gücləndirəcək.
Uşakovs Ermənistan-Azərbaycan arasında gedən danışıqlara da diqqət çəkib və deyib: “Ermənistan sülh gündəliyinin həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürüb və biz bunu dəstəkləyirik. Lakin Azərbaycanın bütün bunlara reaksiyasını anlamaq çətindir və şərh etmək olmur”.
Avropalı diplomat Bakının əməkdaşlıqdan imtina etdiyini vurğulayaraq, Ermənistan sərhədində patrul xidməti aparan Aİ-nin monitorinq missiyası ilə bağlı mövqeyini tənqid edib.Digər tərəfdən iclasda çıxış edən Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan xəbər verib ki, ölkədə konstitusiya layihəsi hazırlanır və yeni konstitusiya 2026-cı il seçkilərinə qədər hazır olmalıdır.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan da vurğulayıb ki, Ermənistan vətəndaşları ölkənin Aİ-yə üzvlük prosesinin təşəbbüskarı olub və parlament də 60 min vətəndaşın dəstəklədiyi bu təşəbbüsə baxıb və təsdiqləyib.
İclasda həmçinin Aİ-nin Ermənistandakı səfiri Vassilis Maraqos bildirib ki, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər heç vaxt bugünkü qədər güclü olmayıb və Aİ Ermənistanın təhlükəsizliyinə Avropa ailəsinin təhlükəsizliyinin bir hissəsi kimi baxır.