Türkiyədən Azərbaycanı məyus edən addımlar;
Ankara-İrəvan yaxınlaşması Bakıda narazılıq doğurdu
Azərbaycan hakimiyyətinə yaxın APA Xəbər Agentliyi Ankara-İrəvan yaxınlaşmasına görə Türkiyə hökumətini tənqid edib.
APA-nın analitik təhlilində deyilir: “Türkiyə-Ermənistan münasibətlərində son günlər ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşmanın məntiqi nəticəsi Ermənistan-Türkiyə sərhədindəki Marqara nəzarət-buraxılış məntəqəsinin açılması oldu. Marqara buraxılış məntəqəsi - Türkiyə-Ermənistan sərhədi 32 ildən sonra açılıb”.
Müəllif hesab edir ki, məlum səbəblərdən 32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi "Ermənistandan Suriyaya humanitar yardım daşımaq" bəhanəsi ilə 21 martda açılıb. Təbii ki, Ermənistan bu qərarı birtərəfli qaydada verməyib, bunun üçün Türkiyə tərəfinin də razılığı var.
APA-nın təhlilində qeyd olunur: “Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi bağlı qapılar arxasında çoxdan müzakirə olunurdu. Lakin çox qərbədir ki, bu barədə Azərbaycana hər hansı məlumat verilmirdi. O da məlumdur ki, Türkiyə ilə Ermənistan arasında sərhəd məsələsi ilə bağlı gizli müzakirələrin arxasında Türkiyədə Ermənistana qucaq açmaq istəyən dairələr, qlobal imperialist qüvvələr, Bayden-Blinken Administrasiyası, Avropa İttifaqı, erməni lobbisi dayanırdı. Təəccüblüdür ki, artıq Bayden Administrasiyası yoxdur, amma Türkiyədə bu planı icra etmək istəyən antimilli qüvvələr bu prosesi davam etdirirlər”.
APA-nın məqaləsində sonra deyilir: “Ərdoğan-Paşinyan görüşünün təşkilini, Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini, türkiyəli jurnalistlərin bu günlərdə Ermənistana səfərini də bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar, lakin bütün bunlar Azərbaycan xalqını məyus edir və haqlı hiddət doğurur. Ankaranın Ermənistanla münasibətləri tələm-tələsik qaydaya salıb, sərhədi açmaq həddinə qədər irəlilətməsini necə qiymətləndirmək olar?
APA öz təhlilinin sonunda Türkiyə hökumətni ittiham edir ki, bu dövlət son vaxtlar üzünü Ermənistana çevirir, İrəvanla əməkdaşlığın formullarını axtarır. Bunlar isə Azərbaycanı məyus edir.