Rəsmi açıqlama: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur
Bu, Bakını qane edəcəkmi?
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, Ermənistanın Əsas Qanunu heç bir ölkəyə, o cümlədən Azərbaycana qarşı ərazi iddiasını daşımır.
Dilanyan “Azadutyun” radiosu ilə müsahibəsində Azərbaycan rəsmilərinin ərazi iddiaları ilə bağlı ittihamlarını “əsassız” adlandıraraq vurğulayıb ki, Konstitusiya, o cümlədən beynəlxalq qurumlar tərəfindən hərtərəfli ekspertizadan keçirilib.
Ermənistan Konstitusiya Məhkəməsinin sədri əlavə edib: “Bizim Konstitusiyamız, referendumdan əvvəl müxtəlif beynəlxalq ekspertizalar, o cümlədən Venesiya Komissiyası tərəfindən yoxlanılıb. Əminəm ki, Venesiya Komissiyası və digər mütəxəssislər Konstitusiya mətnində hər hansı ölkənin ərazi bütövlüyünə zidd bir iddia müəyyən etsəydilər, bunu qeyd edərdilər”.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, dövlətlərin bir-birinin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət etməyi beynəlxalq hüquq tələb edir və heç bir dövlət elə bir hüquqi sənəd qəbul edə bilməz ki, bu, başqa ölkənin ərazi suverenliyinə açıq şəkildə zidd olsun.
Onun sözlərinə görə, Azərbaycan rəsmilərinin iddiaları hüquqi əsaslardan məhrumdur.
Bu açıqlama, Azərbaycan və Ermənistan arasında davam edən siyasi dialoqda tərəflərin bir-birinə qarşı irəli sürdüyü qarşılıqlı iddialar fonunda verilib.