Moskva Bakıya təzyiq göstərir
11 Rusiya vətəndaşının azad edilməsi tələb olundu
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşündə Bakıda saxlanılan 11 rusiyalının azad edilməsinin vacibliyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, görüş zamanı Rusiya tərəfi bu ilin 30 iyun – 1 iyul tarixlərində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tez bir zamanda azad edilməsinin ikitərəfli əlaqələrin normallaşması üçün mühüm addım olduğunu deyib.
Nazirlik əlavə edib ki, söhbət zamanı tərəflər 2022-ci ildə Moskvada imzalanmış Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinə uyğun olaraq ikitərəfli münasibətlərin inkişafına qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
Açıqlamada bildirilib: “Tərəflər həmçinin regional məsələlərə toxunublar, o cümlədən Rusiyanın 2020–2022-ci illərə aid ən yüksək səviyyədə imzalanmış üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına göstərə biləcəyi mümkün yardım müzakirə edilib. 3+3 Regional Əməkdaşlıq Platformasının ritmik fəaliyyətinin qorunması məsələləri nəzərdən keçirilib”.