Dek 03, 2025 17:10 Asia/Baku
  • Tərəfdaşlığı dərinləşdirmək üçün strateji gündəlik qəbul edilib

Avropa İttifaqı və Ermənistan Respublikası dekabrın 2-də tərəfdaşlıq üçün yeni strateji gündəliyi qəbul ediblər ki, bu da iki tərəfdaş arasında siyasi, iqtisadi və sektoral əməkdaşlığın dərinləşdirilməsində mühüm addım kimi səciyyələndirilir.

“Armenpress”in məlumatına görə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıblar.

Bildirilir ki, sənəd əlaqələri gücləndirmək istəyinə cavab verir.

İmzalanmış sənəd həmçinin demokratiya və qanunun aliliyi, ədalət mühakiməsi sahəsində islahatlar, insan hüquqları, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, ticarət, təhlükəsizlik və müdafiə sahəsində yeni əməkdaşlıq daxil olmaqla, geniş sahələri əhatə edir.

70 səhifədən çox olan sənəddə qeyd olunur ki, viza rejiminin sadələşdirilməsi üzrə fəaliyyət planı işə salınacaq, Ermənistanın Aİ-yə iqtisadi inteqrasiyası, habelə ticarət-investisiya əlaqələri genişləndiriləcək.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, Ermənistan-Azərbaycan sülh prosesinə dəstək, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin toxunulmazlığının tanınması, hibrid təhdidlərə, xüsusilə 2026-cı il parlament seçkiləri ərəfəsində dezinformasiyaya qarşı birgə mübarizə sənədin digər bəndlərini təşkil edir.

Aİ rəsmiləri qeyd ediblər ki, yeni gündəlik Ermənistanın “Avropa ailəsinə yaxınlaşmasında “tarixi addım”dır və gələcəkdə üzvlük müraciətinə yol aça bilər.

Bu arada Ararat Mirzoyan birgə mətbuat konfransında bildirib: “Biz əməkdaşlıq səviyyəsini strateji səviyyəyə qaldırdıq və mart ayında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu qəbul etmişdir”.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos isə Ermənistanla viza liberallaşdırma prosesinin aktiv olaraq qaldığını vurğulayıb.