Paşinyan Əliyevin verdiyi qərara görə razılıq ifadə edib
“İlk ikitərəfli ticarət əməliyyatına xüsusi önəm veririk”
Ermənistanın baş naziri dekabrın 21-də Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində çıxışı zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini vurğulayıb.
Nikol Paşinyan bildirib ki, hazırda baş verən müsbət və konstruktiv dəyişikliklər daha geniş regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradır.
O, Ermənistanla Azərbaycan arasında baş tutmuş ilk ikitərəfli ticarət əməliyyatına xüsusi önəm verərək, bunu “regionda sülh və sabitliyin bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biri” adlandırıb.
Paşinyan Azərbaycan Respublikasının prezidentinə ölkə ərazisindən Ermənistana yük tranzitinə qoyulmuş blokadanın aradan qaldırılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması barədə verdiyi qərara görə minnətdarlığını bildirib.
Xatırladaq ki, dekabrın 19-da Gürcüstan üzərindən Ermənistana 1 200 tondan artıq Azərbaycan yanacağı daşıyan qatar çatıb. Bu, onilliklər ərzində iki ölkə arasında həyata keçirilən ilk kommersiya razılaşması olub.