Kreml təhdid etdi;
Rusiya aktivlərinin Ukraynaya köçürülməsi dayandırıldı
Avropa İttifaqı Rusiyaya məxsus 210 milyard avro məbləğində aktivlərini dondurmağa və onlardan 90 milyard avro kredit verilməsi üçün istifadə etməyə qərar verdikdən sonra, Moskva Qərb ölkələrinə və xarici şirkətlərə qarşı ən sərt tədbirləri görəcəyi ilə hədələyib. Bu təhdid Belçika, İtaliya və Avstriyanı narahat edib.
«Financial Times» nəşri xəbər verib ki, Avropa İttifaqının Rusiyanın aktivlərini dondurmaq və onları Ukraynaya maliyyə dəstəyi üçün istifadə etmək qərarından sonra Kreml Qərb ölkələrinə və xarici şirkətlərə qarşı sərt addımlar atacağını bəyan edib.
Rusiyanın aktivlərinin böyük bir hissəsinə ev sahibliyi edən Belçika, digər Avropa ölkələrindən uzunmüddətli maliyyə və hüquqi zəmanətlər tələb edib ki, mümkün risklər azaldılsın. Belçika rəsmiləri xəbərdarlıq ediblər ki, dondurulmuş aktivlərin istifadəsi Avropa üçün geniş mənfi nəticələrə səbəb ola bilər.
Times qəzetinin məlumatına görə, Moskva indiyə qədər ən az 32 Qərb şirkətinin aktivlərini müsadirə edib və ya dondurub, bunun nəticəsində yaranan zərərin 7 milyard dollardan çox olduğu təxmin edilir. Həmçinin, Rusiyada hələ də fəaliyyət göstərən banklar və şirkətlər mənfəət və sərmayələrini köçürə bilmir və filialların milliləşdirilməsi riski ilə üz-üzədirlər.