Küveyt prokurorluğu: İmam Sadiq(ə) məscidi partlayışında 29 nəfərin əli olub
İyul 15, 2015 12:33 Asia/Baku
Küveyt prokurorluğu 29 nəfəri İmam Sadiq(ə) məscidi partlayışında əli olmaqda ittiham edib.
Misirin Əlşərquləusət xəbər agentliyinin məlumatına görə, Küveyt Baş Prokurorluğu bir bəyanatda bildirib ki, ötən ay İmam Sadiq(ə) məscidinə qarşı terror hücumu barədə araşdırmalardan sonra partlayışda ölmüş əsas müttəhim çıxılmaq və yeddi qadın daxil olmaqla 29 nəfəri bu hücumda əli olmaqda ittiham edir.Bu bəyanata görə, müttəhimlərin yeddisi küveytli, beşi ərəbistanlı, üçü pakistanlı və on üç nəfər də qanunsuz olaraq, Küveytdə yaşayan şəxsdir. Hələ milliyəti məlum olmayan bir nəfər də fəraridir.
Bu bəyanata əsasən, Küveyt Baş Prokurorluğu təhqiqat üçün 24 nəfərin həbs olunması və ikisi Ərəbistanda yaxalanmış beş nəfərin də qiyabi surətdə həbs edilməsi haqda göstəriş verib.
İyunun 26-da Küveyt paytaxtında yerləşən İmam Sadiq(ə) məscidində baş vermiş terror partlayışında 26 namazqılan ölüb, 227 nəfər də yaralanıbdır.