Beynəlxalq koalisiya Tələfər hava limanında Əlibadinin komandanlarla iclasına hücum edib
Əlhəşdəşşəbi komandanlığı bildirib ki, İraqın baş naziri Heydər Əlibadinin Tələfər hava limanında komandanlarla iclasının keçirildiyi məkan beynəlxalq koalisiya qüvvələrinin raket atəşinə məruz qalıb.
IRNA-nın məlumatına görə, Əlhəşdəşşəbi komandanlığı dünən gecə Əlibadinin komandanlarla iclasından bir saat sonra həyata keçirilmiş Tələfər hava limanındakı komandanlıq çadırına raketin atılması hadisəsi barədə bildirib ki, uzaqdan idarə olunan istiqamətlənən raket ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya aid olan təyyarədən atılıbdır.
Əlhəşdəşşəbi komandanlığı bir bəyanatda bildirib ki, cümə axşamı günü İraqın baş naziri və silahli qüvvələrinin baş komandanının Tələfər hava limanında Əlhəşdəşşəbi komandanları ilə iclasının başa çatmasından sonra saat 16-30 dəqiqədə bir raket bu iclasın keçirildiyi çadırın 1,5 metrliyinə düşüb. Nəticədə bir qrup mücahid yaralanıb. Bəyanatda vurğulanıb: Raketin qalıqları üzərində aparılan araşdırmalar göstərir ki, bu hərəkət İŞİD tərəfindən həyata keçirilməyib, əksinə koalisiya qüvvələrinə aid olan bir pilotsuz təyyarədən atılıbdır.
Əlhəşdəşşəbi komandanlığı beynəlxalq koalisiyanın izahat verməsini istəyir, zira bu komandanlığın elan etdiyinə görə, Neynəva əməliyyat məntəqəsinin qərb hissəsinin səması beynəlxalq koalisiya təyyarələrinin tam nəzarəti altındadır və Mosul əməliyyatının başlanmasından bəri Əlhəşdəşşəbi və İraqın təhlükəsizlik qüvvələrinin hərəkətlərinə hərtərəfli şəkildə nəzarət edirlər.
Heydər Əlibadi cümə axşamı günü Neynəva vilayətindəki cəbhələrdən baxış keçirərkən Tələfər hava limanında Əlhəşdəşşəbi komandanları ilə iclas keçirdi.
Bu, Əlibadinin olduğu məkana qarşı ikinci hücumdur.
Oktyabrın 14-də də İraq baş nazirinin Kərkükdə yerləşən Xalid məktəbi məntəqəsindən baxış keçirməsindən bir saat sonra onun olduğu məkana mərmi hücumu edilmişdi.