Səudiyyəlilərin Yəmənə hücumları davam edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin əl-Hədidə və Səna vilayətlərində müxtəlif obyektlər və infrastrukturları yenidən bombalayıblar.
İRNA-nın məlumatına görə, Ərəbistan qırıcıları şənbə gecə əl-Hədidə vilayətində əl-Cənanə bölgəsinin sahil müdafiəsi və Kəmran və əl-Səlifə adası limanlarını atəşə tutublar.
Səudiyyə Ərəbistanı qırıcıları əl-Hədidə vilayətinin Baqim şəhərində Məndəbə, əl-Səəban və Ali əl-Həmaqi bölgələrini 26 dəfə bombalayıblar.
Səudiyyə qırıcıları Səna vilayətində Bəni Mətər şəhərinin əl-Qərb bölgəsini də üç dəfə atəşə tutublar.
Ərəbistanın qırıcı təyyarələri Sədə vilayətinin Kəhlan düşərgəsini 14 dəfə atəşə tutublar.
Səudiyyə Ərəbistanı qırıcıları şənbə günü Səna vilayətinin Nihəm şəhərində əl-Hənşat bölgəsini bombalayıblar. Nəticədə bir yəmənli həlak olub, 3 nəfər də yaralanıb.
Səudiyyə qırıcılarının Sədə vilayətinin Razih şəhərində Bərkan məntəqəsinə hücumunda bir yəmənli həlak olub.
Səudiyyə Ərəbistanı ordusunun Sədə vilayətinin Mənbə sərhəd şəhərinin müxtəlif bölgələrinə raket hücumu davam edir.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələrinin intiqam xarakterli hücumunda Təizdə hava bazasında 6 səudiyyəli muzdlu öldürülüb, 2 muzdlu da yaralanıb.
Həmçinin bu gün səhər Ədənin əl-Sulban düşərgəsində terror aktında Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadiyə bağlı azı 30 hərbçi ölüb və onlarla nəfər yaralanıb.