Səudiyyəlilər Yəmənin müxtəlif bölgələrini bombardman ediblər
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin azı 4 vilayətini bombalayıblar.
Yəmənin əl-Məsirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanının təcavüzkar qırıcı təyyarələrinin Sədə vilayətinin Baqim şəhərinə hücumunda ikisi uşaq olmaqla dörd nəfər yaralanıb.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri həmçinin Həccə vilayətinin Hirz şəhərini bombalayıblar. Zimar vilayətində bir məktəb də səudiyyəlilərin hücumu nəticəsində tamamilə dağılıb. Bildirilir ki, Ərəbistan qırıcıları bu məktəbi yeddi dəfə bombalayıblar.
Yəmən qüvvələri də səudiyyəli muzdluların hücumlarına reaksiyada Səna və Marib vilayətlərində onların bir neçə hücumunun qarşısını alıb və onlara ağır zərbələr endiriblər.
Ərəbistan ABŞ və İngiltərənin dəstəyi ilə 2015-ci il mart ayından istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini Yəməndə iqtidara qaytarmaq üçün bu ölkəyə hücumlara başlayıb.
Bu hücumlarda 10 mindən çox yəmənli həlak olub və bu ölkənin bir çox infrastrukturu da məhv olub.