İraqlı didərginlər Mosulun şərqinə qayıdır
İraqın miqrasiya nazirliyi iraqlı didərginlərin Mosulun şərqinə qayıtmalarından xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, İraqın miqrasiya nazirliyi bu gün bildirib ki, 1200 nəfərdən ibarət olan Xazər düşərgəsindəki iraqlı didərginlər Mosulun azad edilmiş Kükcəli məhəlləsinə qayıdıb.
İraqın miqrasiya nazirliyinin məlumatında deyilir: Mosulun azad edilmiş şərq hissəsinin digər sakinləri də qarşıdakı günlərdə öz evlərinə qayıdacaqlar.
Terrorizm ilə mübarizə qüvvələri İraqın digər təhlükəsizlik qüvvələri ilə birlikdə dünən Mosulun şərq hissəsini tamamiylə terrorçuların işğalından azad ediblər.
Mosul ilə əlaqədar başqa məlumata görə, İraq ordusu qüvvələri bu gün üç istiqamətdən Mosulun şimal şərqində yerləşən xristian sakinli Təlkif şəhərinə doğru əməliyyata start verib.
Türkiyə ordusunun hava qoşunlarının hərbi təyyarələri də İraqın şimalında Qəndil bölgəsində müəyyən hədəfləri bombalayıb.
Mosulun terrorçu İŞİD qrupunun işğalından azad edilməsi əməliyyatı 2016-cı il 17 oktyabrda İraqın baş naziri Heydər Əl-İbadinin əmri ilə başlanıb və hələ davam etməkdədir.