Ali-Səud İsrail ilə əlaqələrini açıq müstəviyə daşıyır
Ərəbistanın yeni vəliəhdi Məhəmməd Bin Salman Ər-Riyadın heç bir ön şərt olmadan Təl-Əviv ilə diplomatik əlaqələr qurmaq niyyətində olduğunu bildirib. Bu da fələstinlilərin ciddi etirazı və reaksiyasına səbəb olub.
İsrail rejiminin fələstinlilərə qarşı zorakılıq habelə, Fələstin ərazilərinin yəhudiləşdirilməsi siyasətini ən amansız şəkildə davam etdirdiyi bir şəraitdə, Səudiyə Ərəbistanının yeni vəliəhdi Məhəmməd Bin Salman Ali-Səud rejiminin İslam Dünyasının ən qatı düşməni olan İsrail rejimi ilə heç bir ön şərt olmadan diplomatik əlaqələr qurmaq niyyətində olduğunu açıqlayıb. Bundan öncə Ərəbistanın sabiq baş müftisi Əbdüləziz Bin Baz da bir fitva verərək, İsrail ilə diplomatik əlaqələrə öz xeyir-duasını vermişdi.
Məhəmməd Bin Salmanın bu açıqlamasına münasibət bildirən bir fələstinli deyir:
"Qadın və kişi, qoca və cavan olmasından asılı olmayaraq, bütün fələstinlilər Məhəmməd Bin Salmanın açıqlamasına qarşı çıxır və onunla müxalifət edirlər. Fələstinlilərin qənaətinə görə, Məhəmməd Bin Salmanın bu açıqlaması Fələstin xalqına qarşı yeni bir fitnədir. Əlbəttə, Fələstin xalqı işğalçılıq qarşısında özünü müdafiə etməyə qadir olduğunu sübut edib."
Məhəmməd Bin Salmanın bu açıqlamasından öncə baş verən bəzi hadisələr Ali-Səudun belə bir addım atmasına şərait yaratmış oldu. Ərəbistanın yüksək səviyyəli hərbi rəsmisi Ənvər Eşqinin Təl-Əvivə olan rəsmi səfəri və ABŞ prezidentinin təyyarəsinin Ər-Riyad hava limanından birbaşa olaraq Təl-Əviv hava limanı istiqamətində havaya qalxması habelə, Ərəbistanın Kəşfiyyat Xidmətinin sabiq rəisi Feysəl Türkinin İsrail rəsmiləri ilə olan görüşü məhz bu qəbildən olan hadisələrdən sayılır.
Ali-Səudun Fələstin xalqına xəyanətini tənqid edən bir başqa fələstinli isə deyir:
"Fələstin xalqı Ərəbistanın bu hərəkətini qətiyyətlə rədd edir. Mühüm olan budur ki, Ərəbistan bundan öncə İsrail ilə əlaqələrin qurulmasını Fələstin xalqının hüquqlarının təmin edilməsi ilə şərtləndirirdi. Amma, indi bu ələqələr üçün heç bir ilkin şərtə malik deyil."
Fələstinlilər irticaçı ərəb rejimlərinin İsrail ilə əlaqələrin qurulması üzrə istənilən hərəkətinə qarşı çıxır və bu addımı Fələstin xalqına arxadan vurulan xəncər hesab edirlər.