Okt 14, 2017 10:45 Asia/Baku
  • İraq ordusu Kərkükün cənubunda Kürdüstan bayrağını endirdi
    İraq ordusu Kərkükün cənubunda Kürdüstan bayrağını endirdi

İraq ordusu Kərkükün cənubunda Kürdüstan məntəqəsinin bayrağını aşağı endirib və yerinə İraq bayrağını dalğalandırıb.

Kərkük İraq hökuməti ilə Kürdüstan məntəqəsinin yerli rəsmiləri arasındakı ən mühüm ixtilaflı məntəqədir və birbaşa olaraq mərkəzi hökumət tərəfindən idarə edilir. 

İRİB-nin verdiyi məlumata görə, İraq ordusu Kürdüstan məntəqəsindən kənar ərazilərdə kürd Peşmərgə yaraqlıları tərəfindən ələ keçirilmiş məntəqələrə nəzarəti təmin etmək məqsədi ilə Kərkükün cənub hissəsinə daxil olub. 

İraqın təhlükəsizlik mənbələrindən daxil olan məlumatlara görə, bu addım İraqın mərkəzi hökumətinin Kürdüstan ilə ixtilaflı ərazilərdə öz hakimiyyətini təmin etmək məqsədi ilə atılıb. 

İraqın Bədr Təşkilatının sədri və "Həşdüşşəbi" könüllü xalq qüvvələrinin komandanlarından olan Hadi Amiri də bundan öncə kürd Peşmərgə yaraqlılarından ələ keçirdikləri ərazilərdən geri çəkilmələrini istəmişdi. 

İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzani bir müddət öncə separatçı referendum üçün "Həşdüşşəbi" təhlükəsi adlandırdığı məsələni bəhanə edərək, kürd Peşmərgə yaraqlıları və PKK terrorçularını Kərkük vilayətinə göndərmişdi.

İraq Kürdüstanında separatçı referendum Məsur Barzaninin istəyi ilə 25 sentyabr 2017-ci il tarixində keçirildi və İraq hökuməti, iraqlı qruplar, region ölkələri və dünya ictimaiyyətinin ciddi etirazları ilə üzləşdi. 

Teqlər