Həşduşşəbi ABŞ rəsmisinin sözlərinə reaksiya verib
İraqda Həşduşşəbi qüvvələrinin sözçüsü ABŞ dövlət departamentinin bu qüvvələrin komandan müavini Əbu Məhdi Əlmuhəndisi terrorçu adlandırmasını İraqın bir təhlükəsizlik orqanına qarşı təcavüz adlandırıb və Bağdadın Vaşinqtona cavab verməsini istəyib.
Həşduşşəbi qüvvələrinin sözçüsü bu gün "Bağdad Əlyəum" ilə müsahibədə deyib: Əbu Məhdi Əlmuhəndis İraq xalqının fəxridir və İŞİD ilə savaşda Həşduşşəbi-nin mühüm komandirlərindən biridir; bütün İraq xalqı onun İraq ərazilərinin terrorçuların işğalından azad edilməsindəki rolunun şahidi olub.
Ələsədi əlavə edib ki, ABŞ dövlət departamentinin Həşduşşəbi-yə və şəxsən Əlmuhəndisə qarşı ittihamlarının heç bir təsiri olmayıb və olmayacaq da.
ABŞ dövlət departamentinin sözçüsü Heser Nauret dünən gecə Əbu Məhdi Əlmuhəndisi terrorçu adlandırıb.
Bundan öncə ötən həftənin bazar ertəsi günü Bağdada daxil olmuş ABŞ dövlət katibi Reks Tillerson İraqa daxil olmazdan az öncə Həşduşşəbi-ni xarici yarımhərbçi qüvvə adlandıraraq, onun üzvlərinin İraqdan getmələrini istəmişdi.
İraqın baş naziri Heydər Əlibadi bu fikirə kəskin şəkildə etiraz edib. O, Tillerson ilə görüşdə ona xitabən deyib: Həşduşşəbi İraqın rəsmi bir təşkilatıdır və onun üzvləri terrorizmlə mübarizə aparan iraqlı döyüşçülərdirlər. Onlar öz ölkələrini müdafiə ediblər və İraqın əsas qanunu ölkə qanunu çərçivəsindən kənar hərbi qrupların mövcudluğuna icazə vermir.