İsrail qırıcıları Qəzzə zolağını bombaladı
Sionist rejim ordusu cümə günü gecə Qəzzə zolağının şimalında yerləşən Beyt Hanun məntəqəsinə havadan zərbələr endirib.
İRNA-nın məlumatına görə, bu hücumda bir neçə fələstinli yaralanıb.
İsrail ordusu bu hücumun Qəzzə zolağından işğal altında olan Fələstin ərazilərinə raket atılmasına cavab olaraq həyata keçirildiyini iddia edib.
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasının ardınca işğal altında olan Fələstin sionist hərbçilər ilə fələstinlilər arasında qarşıdurmaların şahididir.
İndiyə kimi bu toqquşmalarda 3 fələstinli şəhid olub, mindən çox insan da yaralanıb.
Cümə günü də minlərlə fələstinli cümə namazından sonra Fələstində aksiyalar təşkil edərək, Trampın Qüdsə qarşı fitnəsinə etiraz edib.
ABŞ prezidenti çərşənbə axşamı regional və beynəlxalq müxalifətlərə baxmayaraq, Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıdığını bildirib. Tramp həmçinin, ABŞ Dövlət Departamentindən bu ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək üçün hazırlıq işlərinə başlamasını istəyib.
Beytül-Müqəddəs müsəlmanların ilk qibləsi olaraq Fələstinin ayrılmaz parçası və müsəlmanların 3-cü müqəddəs məkanıdır.
Dünya ölkələri və beynəlxalq təşkilatlar Trampın Qüdslə bağlı qərarına etiraz ediblər.