Ərəbistanın Yəməni mühasirədə saxlaması ciddi böhran yaradır
Ərəbistan və başçılıq etdiyi koalisiyanın Yəməni mühasirədə saxlaması, gündəlik ehtiyaclarını balıq tutmaqla təmin edən yəmənli balıqçıların yaşamını da ciddi təsir altına alıb. Havadan və dənizdən edilən hücumlar balıqçıların dənizə çıxmasına mane olur.
Yəmənin Əl-Hüdəydə vilayəti sakinlərindən bir milyona yaxın insan Qırmızı dənizdə balıqçılıq etmək yolu ilə gündəlik ehtiyaclarını təmin edir. Amma, artıq 3 ildir ki, yəmənli balıqçılar Ərəbistan qırıcıları və hərbi gəmilərinin hücumlarından qorxduqları üçün dənizə çıxa bilmirlər. Ölkənin mühasirəsi balıq ovuna da təsir edib.
Balıqçılardan biri deyir: “Hava və dənizdən edilən hücumlara görə, balıq ovlaya bilmirik. Balıqçılıq bizim yeganə peşəmizdir. Amma, təcavüzkarların hücumlarına görə balıq tuta bilmirik.”
Bir başqa balıqçı isə deyir: “Ərəbistanın başçılıq etdiyi koalisiya balıqçılıq üçün münasib olan suları hədəfə alırlar və balıq tutmağımıza icazə vermirlər.”
Balıqçılar onlarla nəfərin çarəsizlikdən balıq tutmaq üçün dənizə çıxdığını amma, bir daha geri dönmədiyini deyirlər. Onlar Ərəbistanın hücumları nəticəsində həlak olublar. Buna baxmayaraq, insanlar yaşamaq üçün balıq tutmağa məcburdurlar. Çünki, başqa seçimləri yoxdur.
Balıqçılardan biri təcavüzkarların onları “Apaçi” helikopterləri ilə hədəfə aldıqlarını deyir: “Apaçi helikopterləri ilə bizə hücum edirlər. Balıq tutmağımıza icazə vermirlər. 17 dəniz milinə kimi olan ərazidə balıq tutmaq qadağan edilib.”
Səudiyyəlilər yəmənli balıqçıların ovlarını qarət edirlər. Belə ki, həyatda qalmaları müqabilində ovladıqları balıqları onlara verməyə məcbur edirlər. Bu isə, Ali-Səudun quldurcasına olan rəftarlarına bir nümunədir.