İraqın baş naziri: "Həşdüşşəbi"nin varlığını qorumaq İraq hökumətinin başlıca vəzifəsidir
İraqın baş naziri "Həşdüşşəbi"nin komandanları ilə birgə iclasda İraq hökumətinin bu təşkilatı qorumağa və onun üçün maliyyə resursları yaratmağa borclu olduğunu deyib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Adil Əbdülmehdi bazar ertəsi günü "Həşdüşşəbi"nin baş komandan əvəzi Əbu Mehdi Mühəndis və bu təşkilatın digər komandanları ilə birgə iclasda deyib: İraqın könüllü xalq qüvvələri "Həşdüşşəbi" ölkə üçün tarixi bir nailiyyət sayılır. Bu qüvvələr İraq ordusu, polisi və digər təhlükəsizlik qüvvələri üçün böyük dayaqdır.
İraqın baş naziri əlavə edib: Bəziləri "Həşdüşşəbi"nin müvəqqəti olduğunu deməyə çalışırlar. Amma, bu qurumun öz varlığını qoruması bir zərurətdir.
İraqın baş naziri bu sözləri ABŞ-ın Bağdaddakı səfirliyinin 31 dekabrda bir bəyanat yayaraq, "Həşdüşşəbi"ni etnik bir silahlı qruplaşma adlandırmasına cavab olaraq deyib.
İraq Parlamentinin üzvü Vəlid Səhlani də deyib: ABŞ "Həşdüşşəbi"yə qarşı media qalmaqalı yaratmaqla bu qurumu məhdudlaşdırmaq, daha sonra məhv etmək istəyir.
Vəlid Səhlani İraqın Xarici İşlər Nazirliyindən ABŞ səfirliyi tərəfindən verilən bu kimi bəyanatlara sərt reaksiya verməsini və İraq xalqı və dövlət qurumlarının müdafiəsi sahəsindəki vəzifəsinə əməl etməsini istəyib.