Ənsarullah Səudiyyə koalisiyasının bir ədəd PUA-sını vurdu
Yəmənin Ənsarullah Hərəkatı Səudiyyə koalisiyasına məxsus pilotsuz uçan aparatın Ərəbistanın cənub-qərbində, Cazən vilayətində vurularaq, yerə salınmasından xəbər verib.
Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Səudiyyə koalisiyası qırıcılarının Yəmənin İmran vilayətindəki Qəflə şəhərinin "Zu Məqtib" məntəqəsindəki əkin sahələrinə hücumu zamanı iki qadın şəhid olub. Bu hücumda bir uşaq da yaralanıb.
Səudiyyə koalisiyasının qırıcı təyyarələri Yəmənin şimalında yerləşən Sədə vilayətindəki Baqəm məntəqəsini də bombalayıblar.
Yəmənli qüvvələr isə sərhəd məntəqəsindəki cəbhə xətti boyunca hərbi əməliyyatlar həyata keçirərək, Səudiyyə koalisiyasının muzdlularının nəzarətində olan bir sıra mövqeni ələ keçirməklə yanaşı, Əsir vilayətinin Rəbuə məntəqəsində bir qrup muzdlunu da öldürüb və yaralayıblar.
Yəmənli qüvvələr həmçinin Rəbuə məntəqəsində ordu və xalq komitələrinin mövqelərinə doğru irəliləyən muzdlu qüvvələrin önünü kəsiblər.
Səudiyyə - Amerikan koalisiyasının təcavüzkar qırıcıları isə Əsir vilayətindəki Məcazə məntəqəsini bombardman ediblər.
Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hərtərəfli hücumları 2015-ci ilin martından başlanıb. Bu hücumlar indiyə kimi yüz mindən çox insanın ölməsi və yaralanmasına, milyonlarla nəfərin didərgin düşməsinə səbəb olub.
Ərəbistanın Yəməni mühasirədə saxlaması ölkəni humanitar faciəyə sürükləyir.