Sen 26, 2020 15:33 Asia/Baku

Livanda yeni nazirlər kabinetinin təşkil edilməsi missiyası üçün seçilən Mustafa Ədib sonda baş nazirlik postundan imtina etdi.

Səhər Azəri bildirir ki, Livanda baş nazir Mustafa Adib yeni hökumət kabineti qurmaqdan imtina etdiyi və postundan istefa verdiyini açıqlayıb.

"Mən üzr istəyirəm... Siyasi bloklar kabinetin formalaşdırılması naminə razılaşmanı pozdular. Onlar hökumətin qurulması prosesini siyasiləşdirməkdən vaz keçmədilər", deyə Mustafa Ədib prezident Mişel Oun ilə görüşdən sonra bildirib.

Mustafa Ədib Livanda vəziyyəti sabitləşdirmək üçün Fransanın istəklərinin nəzərə alınmasının zəruriliyini vurğulayıb: "Biz Livanı xilas etmək üçün Fransa Prezidenti Emmanuel Makronun siyasi böhranın həlli ilə bağlı təşəbbüsünü həyata keçirməyə davam etməliyik".

Livan prezidenti Mişel Oun isə Mustafa Ədibə təşəkkürünü bildirərək, onun istefasını qəbul edib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Livanda hökumətin istefasını tələb edən kütləvi aksiyalar keçirilib. Nəticədə Livan hökuməti istefa verib. Daha sonra 2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Ədibin ölkənin baş naziri postuna namizədliyi irəli sürülüb, Livanın keçmiş baş naziri və ölkənin ən böyük sünni partiyasının lideri Səəd əl-Həriri, Hizbullah hərəkatı və Vəlid Cumbəlatın lideri olduğu Proqressiv Sosialist Partiyası onun namizəliyini dəstəkləyib. Parlamentdə də namizədliyi böyük səs çoxluğu ilə dəstəklənən Mustafa Ədib avqustun 31-də Prezident Mişel Oun tərəfində bu posta təyin olunub.

Teqlər