Sədr Ankaraya xəbərdarlıq edib
İraqda Sədr cərəyanının rəhbəri İraq ərazisində yeni hərbi əməliyyatın başlanması haqda Türkiyəyə xəbərdarlıq edib. Bildirib ki, ölkəsi bombardmanların davam edəcəyi təqdirdə sakit qalmayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Müqtəda Sədr Ankaranın PKK ilə mübarizə bəhanəsilə İraq ərazisində yeni hərbi əməliyyata başlamasına reaksiya verib və onu pisləyibdir.
O, bildirib ki, Bağdad İraq ərazisinin Türkiyə tərəfindən ardıcıl surətdə bombalanacağı halda, sakit qalmayacaq.
Sədr əlavə edib: Qonşu ölkə- Türkiyə, heç bir haqq və bəhanəyə malik olmadan İraq ərazisini bombaladı. Əgər Türkiyəni İraq ərazisindən bir təhlükə təhdid edirdisə, bu ölkə həmin təhlükəni aradan qaldırmaq üçün İraq hökumətilə koordinasiya yaratmalı idi, çünki İraqın təhlükəsizlik qüvvələri bu təhlükəni aradan qaldırmaq gücünə malikdirlər.
O, sonra deyib: Əgər Türkiyə bu işi təkrar edərsə, biz susmayacağıq, zira İraq tam suveren bir ölkədir. Biz bütün qonşu ölkələrlə müvazinətli və qarşılıqlı əlaqələrin gücləndirilməsi, eləcə də mövcud diplomatik çərçivələrə uyğun surətdə qarşılıqlı diplomatik və təhlükəsizlik əlaqələrinin tərəfdarı olsaq da, ərazimizə qarşı təcavüzü və təhlükəsizliyimizin pozulmasını, eləcə də dost və qardaş qonşu ölkələrin ərazilərinə qarşı təcavüzü qəbul etməyəcəyik…
İraqın xarici işlər nazirliyi də dünən rəsmi bir bəyanatda Türkiyənin İraqa qarşı hərbi hücumunu qətiyyətlə pisləyib və onu beynəlxalq qanunlara və dinc yanaşı yaşama prinsipinə zidd adlandırıb.
İraq xarici işlər nazirliyinin rəsmi bəyanatında deyilir: İraq hökuməti Türkiyə qüvvələrinin hərbi əməliyyatını və İraq ərazisini Mətinə, Zab, Əfaşin və Pasian bölgələrində hərbi helikopterlər və PUA-larla bombalamasını kəskin tərzdə pisləyir.
Türkiyə və PKK bir neçə on ildir ki, bir-birilərilə hərbi vəziyyətdədirlər. Bəzi məlumatlara əsasən, toqquşmalar nəticəsində indiyədək iki tərəfdən qırx mindən çox nəfər ölüb.
Ankara PKK-nı terrorçu qrup hesab edir.