Apr 26, 2022 11:17 Asia/Baku
  • Fələstin müqavimətinə dəstək bütün müsəlmanların borcudur - TƏHLİL

Fələstin xalqının haqlı mübarizəsinə dəstək öz bəhrəsini verməkdədir.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Qüds günü hər il mübarək Ramazan ayının son cüməsi qeyd olunur. İslam Dünyasının siyasi təqviminə salınmış bu önəmli günün təşəbbüskarı mərhum İmam Xomeynidir.  O həzrət 1979-cu ildə Fələstin xalqına dəstək olaraq rəsmi şəkildə bu günün əsasını qoydu və bütün dünya müsəlmanlarını İsrail rejiminə qarşı birləşməyə çağırdı.

1979-cu il avqustun 7-də, İran İslam İnqilabının qələbəsindən bir il keçməmiş İmam Xomeyni (r.ə) dünya müsəlmanlarını müqəddəs Ramazan ayının sonuncu cümə günündə “Qüds günü” kimi həmrəylik yürüşü keçirməyə və Fələstin müsəlman xalqının qanuni hüquqlarını müdafiə etməyə çağırdı. 

İmam Xomeyni (r.ə) Qüds günü haqqında belə buyurmuşdur: "Qüds günü təkcə Fələstinin günü deyil, İslam günüdür. Qüds günü ümumbəşəri bir gündür.

Əslində Qüds günü sionist rejimin Fələstin və digər İslam ölkələrindəki cinayətlərinə qarşı İslam ümmətinin birlik və iradəsinin simvoludur. Dünya məzlumlarının təkəbbürlülərə qarşı müqavimət günü və qəsbkar sionist rejimin zülmünə qarşı fəryad günüdür.

Ramazan ayının son cüməsinin Qüds günü adlandırılması dünyanın bir çox ziyalıları və sənət adamları tərəfindən dəstəklənib və bu gün İranla yanaşı dünyanın müxtəlif ölkələrində Qüds günü yürüşləri və mərasimləri şəklində qeyd edilir.

Qüdsün əhəmiyyəti ondan irəli gəlir ki, bu müqəddəs diyar İlahi Peyğəmbərlərin vəhy yeri, müsəlmanların ilk qibləsi və Həzrət Peyğəmbərin meraca qalxdığı yer olmuşdur.

Hazırda sionist yaşayış məntəqələrinin genişləndirilməsi və işğal olunmuş ərazilərin, xüsusən də Qüdsün ətrafındakı ərazilərin yəhudiləşdirilməsi qəsbkar rejimin Qüdsü məhv etmək planlarının əsas mövzusudur.

Bu kontekstdə, hər il Ümumdünya Qüds Gününün qeyd edilməsi müsəlman xalqların ictimai rəyində müqavimətə dəstək yaratmağa və uşaq qatili sayılan rejimin mahiyyətini ifşa etməyə xidmət edir.  

Bu il isə Ümumdünya Qüds Günü İsrail rejiminin öz cinayətlərini artırdığına xatir ikiqat əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, bəzi ərəb rejimlərinin İsrailə qucaq açmaları və kompromisə getmələri sionistlər üçün heç bir nəticə verməyib və bu gün İordan Çayının Qərb Sahilində yaşayan fələstinlilər Qəzzə zolağının sakinlərinin mübarizəsinə qoşulub. Görünür, Fələstin xalqı barışıq prosesindən hiddətlənib və mübarizənin yeni mərhələsinə qədəm qoyub.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei Fələstin məsələsinin hələ də İslam ölkələri arasında ən mühüm və ortaq məsələ olduğuna diqqət çəkərək deyib: Sionistlər qəsb olunmuş Fələstini terror bazasına çeviriblər. ilk gündən İsrail rejimi ölkə deyil, Fələstin xalqına və digər müsəlman xalqlarına qarşı terror qarnizonu olub. Bu səbəbdən qondarma rejimlə mübarizə zülm və terrorla mübarizə aparmaqdır və bu, hamının borcudur".

Sionistlərin bu çirkin mahiyyətini və xərçəng şişi olduğunu nəzərə alaraq İran İslam Respublikası Fələstin amalını hər zaman gündəmdə saxlayıb və İsrail təhlükəsi barədə müsəlmanları maarifləndirməyə çalışıb.

Aydındır ki, dünya müsəlmanlarının hər il Qüds məsələsini xatırlaması və həmrəylik nümayişləri keçirməsi Fələstin xalqını ruhlandırır, xüsusən də Qüds məsələsində onların möhkəm dayanmasına və Məscidül-Əqsanı müdafiə etməsinə səbəb olur. Bu ruh yüksəkliyini Qəzzə zolağında və həm də İordan Çayının Qərb Sahilində cərəyan edən mübarizədə asanlıqla müşahidə etmək olur.

Teqlər