Avq 30, 2022 10:38 Asia/Baku
  • Bağdadda silahlı toqquşmaların qurbanlarının sayı 20 nəfərə çatıb

Bağdadda cərəyan edən qanlı toqquşmalarda onlarla insan həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, İraq paytaxtının mərkəzində yerləşən Yaşıl Zonada silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 20-yə çatıb. 

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Bundan öncə media İraq paytaxtının “yaşıl zonası”nda bazar ertəsi günortadan sonra başlayan və indiyədək davam edən qarşıdurmalar zamanı 15-ə yaxın şəxsin həlak olduğunu bildirib. 300-dən çox şəxs yaralanıb.

Bu arada İraq hökuməti, Müqtəda əs-Sədr hərəkatı və sadristlərə qarşı çıxan “Koordinasiya Qüvvəsi”nin nümayəndələri Bağdadın “yaşıl zona”sında atəşkəslə bağlı razılığa gəlmək üçün danışıqlar aparır. Danışıqların təfərrüatları barədə məlumat verilmir. 

Bazar ertəsi siyasətdən getdiyini elan edən Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı Bağdadın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”nı zəbt edərək, Respublika Sarayını mühasirəyə allb binaya daxil olublar.

 Ölkə boyu tətbiq edilən komendant saatına baxmayaraq, İraqın paytaxtı və bir sıra bölgələrində qarşıdurmalar davam edir. 

Bağdadda nümayişlərin qızğın vaxtında İraqın baş naziri Mustafa əl-Kazımi asayişin bərpasına kömək etmək üçün əs-Sədrdən kömək istəyib. Lakin o İraq baş nazirinin müraciətinə cavab verməyib.

İraq hadisələri ilə əlaqədar Tehranda İran prezidenti Seyid İbrahim Rəisi və İraq xarici işlər naziri Fuad Hüseyn arasında görüş baş tutub. İran prezidentinin sözlərinə görə, İraqda təhlükəsizlik və sabitliyin bərpası yalnız bu ölkədəki bütün siyasi qüvvələr arasındakı dialoq vasitəsilə konstitusiya əsasında və İraq xalqının problemlərinin həlli üçün yeni hökumətin formalaşdırılmasına dair razılığın əldə edilməsi ilə mümkündür.

Rəisi həmçinin İraq ruhaniyyətinin bu münasibətlərdəki mühüm rolunu da vurğulayıb.

İraq XİN başçısı da, öz növbəsində, İraqdakı sabitlik və təhlükəsizliyin bərqərar edilməsindəki dəstəyinə görə İrana öz təşəkkürünü bildirib.

Teqlər