Laricani: İran, Türkiyə və Rusiya Suriya böhranını düzgün istiqamətə yönəltdilər
İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib: İran və Türkiyə Rusiyanın əməkdaşlığı ilə Suriya böhranını siyasi həll yolunun düzgün istiqamətinə yönəltdilər və bu addım çox önəmli idi.
Əli Laricani çərşənbə günü İstanbulda Asiya Parlamentləri Assambleyasının 10-cu konfransının kənarında Türkiyə baş naziri Binəli Yıldırımla görüşdə əlavə edib: Bu üç ölkə ABŞ-ın terrorçulara dəstəyinə rəğmən, birgə əməkdaşlıqla İŞİD-ə ciddi zərbə vura bildilər.
Laricani İran parlamentində də Türkiyə ilə əməkdaşlıq üçün baxışların müsbət olduğunu bildirərək əlavə edib: İran və Türkiyə arasında region haqda konstruktiv danışıqlar başlanıb və iki ölkənin yaxın əməkdaşlıqları olmasaydı, İraqın ərazi bütövlüyü problemlə üzləşərdi. Bu isə İraq və qonşuları üçün çox önəmli məsələ idi.
Türkiyə baş naziri bu görüşdə ABŞ-ın İŞİD-lə mübarizə adı altında PKK terror qruplaşması ilə əməkdaşlıq etməsindən təəssüflənərək deyib: Türkiyə də İran kimi Suriyanın gələcəyindən nigarandır və buna görə, İran və Türkiyə arasında İraq və Suriyada əməkdaşlıq artmalıdır. Çünki biz onlarla qonşuyuq və hər hansı müsbət və mənfi təsir bizə də təsir göstərir. Halbuki bu bölgədən minlərlə kilomet uzaqda olan ölkələr mövcud böhranı zərrə qədər hiss etmirlər.