Ərdoğan: Kabil hava limanının təhlükəsizliyini ən yaxşı şəkildə üzərimizə götürürük
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan təsdiq edibdir ki, bu ölkənin hərbçiləri NATO qüvvələrinin Əfqanıstandan çıxmalarından sonra Kabil beynəlxalq hava limanının təhlükəsizliyini qorumağı öz üzərlərinə götürəcəklər.
SəhərAzəri-nin məlumatına əsasən,NATO və Amerika ilə danışıqlarda müəyyən edilib ki, biz hansı məsuliyyətləri üzərimizə götürəcəyik. Biz bu addımı ən yaxşı tərzdə atacağıq- deyə, Ərdoğan dünən bildirib.
Cari həftənin əvvəllərində Əfqanıstanın hökumət rəsmiləri də Türkiyənin Kabil hava limanını qoruması proqramını himayə edərək, demişdilər ki, Türkiyənin Kabil hava limanındakı iştirakı Taliban-ın ehtimal olunan hücumları qarşısında çəkindirici olacaq.
İki gün bundan öncə Amerika prezidenti Co Bayden dedi ki, avqust ayının sonunadək amerikalı qüvvələr 20 ildən sonra tam şəkildə Əfqanıstandan çıxacaqlar.
Bu məqsədlə Türkiyə bu tapşırıq üçün Əfqanıstana daha çox PUA, müdafiə təchizatı və əsgər yollayacaq.
Türkiyə mediaları bildiriblər ki, bu ölkə həmin tapşırığa kömək məqsədilə Macarıstan və Pakistana həmkarlıq xahişi ilə müraciət edə bilər.
Yüksək vəzifəli bir Türkiyə rəsmisi medialara deyibdir ki, hələ kimlərin bu tapşırığa qatılacaqları bəlli deyildir.
O, qeyd edibdir ki, Əfqanıstanda olmayan bəzi ölkələr iştiraka maraqlıdırlar və ya bəzi ölkələr Əfqanıstandakı tapşırıq müddətlərinin uzadılmasını istəyirlər.
Ötən ay NATO üzvlərinin Brüsseldə təşkil olunmuş sammitinin kənarında keçirilən Ərdoğan-Bayden görüşündə Kabil hava limanının təhlükəsizliyinin Türkiyəyə tapşırılması məsələsi iki ölkənin liderləri arasında söhbət olunmuşdu.
Kabil hava limanının təhlükəsizliyi beynəlxalq nümayəndəliklərin və səfirliklərin fəaliyyətlərinin davam etməsi üçün həyati əhəmiyyət kəsb edir, halbuki son zamanlar Əfqanıstan ordusu Talibanın irəliləyişləri qarşısında ciddi müqavimət göstərmədən 150-dən çox rayondan geri oturdu.
Türkiyə 2013-cü ildən NATO və Amerika əsgərləri ilə yanaşı, bu aeroportun təhlükəsizliyinin təmin edilməsində aktiv olubdur.
Taliban qrupu bundan əvvəl bildiribdir ki, Əfqanıstandakı bütün diplomatlara və qeyri-hökumət müəssisələrinin işçilərinə hücuma məruz qalmayacaqları haqda əminlik verir, amma heç bir xarici ölkənin hərbi qüvvələrinin iştirakını qəbul etməyəcək.
Türkiyə medialarının məlumatlarına görə, ötən ay Amerika və Türkiyə razılığa gəldilər ki, müəyyən şərtlərlə Kabil hava limanının təhlükəsizliyinin təmini Türkiyəyə tapşırılsın.
Bu şərtlərdən biri budur ki, Amerika maliyyə, hərbi və kəşfiyyat himayələrini təşkil edəcək və Türkiyə də lazım olan halda Əfqanıstana daha çox hərbçi göndərəcək.
Türkiyənin NATO və Amerika ilə əldə etdiyi razılığa əsasən, Ankara Kabil hava limanı ərazisindən kənarda keçiriləcək heç bir əməliyyata daxil edilməyəcək.