İsrail rejimi Türkiyəyə meydan oxuyur
Ankaranın Suriya siyasəti niyə fiaskoya uğradı? - TƏHLİL
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinin Suriyada oyundan kənar vəziyyətə düşməsindən şikayətlənərək rəsmi Ankaranın yaranmış şəraitə xatir məsuliyyət daşıdığına işarə etmədən sadəcə olaraq sionist İsrail rejimini topa tutub.
Ərdoğan deyib: “Bölgəmizin ən böyük problemi İsrailin təcavüzüdür. Bu vəhşi canavarın qarşısı alınmazsa, bölgəmiz və bütün dünya yanacaq”.
Məlum olduğu kimi Suriya 2011-ci ildən bəri bir tərəfdən təkfirçi, başqa tərəfdən isə regional və qlobal güclərin oyun meydanına çevrilib. Bu kontekstdə Türkiyə və İsrail rejiminin Suriyaya dair yanaşmaları bir-birindən kəskin şəkildə fərqlənib. Hər ikisi Bəşar Əsədin hökumətinə qarşı çıxsa da, niyyət və maraqlar tamamilə ziddiyyətli idi.
Əvvəlcə onu bildirmək lazımdır ki, Türkiyənin Suriya ilə 900 km-dən çox birgə sərhədi mövcuddur. Bu səbbdən Ankara üçün prinsipcə Suriyada vahid, sabit və mərkəzi hakimiyyətə malik bir dövlət həyati əhəmiyyət daşımalıdır. Çünki Suriyanın parçalanması və şimalında YPG-nin nəzarətində muxtar bölgələrin yaranması, Türkiyə üçün təhlükəsizlik problem yaradır. Təsadüfi deyil ki, Suriyada ötən illərdə yaşanan gərginlik Türkiyəyə milyonlarla suriyalı qaçqının axınına səbəb oldu və bu, sosial-iqtisadi baxımdan Türkiyəyə ağır yük gətirdi.
Təəccüb doğuran odur ki, Türkiyə qonşu ölkədə mərkəzi hökumətin güclənməsinə kömək etmək yerinə təkfirçi qruplaşmalarla əlaqəyə girərək Əsədi devirmək yolunu tutdu. Və bu strategiya nəhayət 2024-cü ilin sonlarında Suriya daxilində terrorçu və radikal qrupların güclənməsinə səbəb olaraq Əsədin devrilməsi ilə nəticələndi.
Maraqlıdır ki, bu hadisə İsrailin maraqları ilə üst-üstə düşdü, çünki Suriyanın zəifləməsi və ardınca parçalanması İsrail üçün sərfəli gediş olaraq, dolayısı ilə qəsbkar rejimin planlarına xidmət edirdi. Ona görə də Əsədin süqutundan dərhal sonra fürstdən sui-istifadə edən sionistlər Suriyanın hərbi infrakstrukturunu məhv etməyə, qonşu ölkənin cənub bölgəsini ilhaq etməyə başladılar. Aydın məsələdir ki, İsrailin Suriyaya qarşı təcavüzkar əməlləri Dəməşqdə HTŞ-ni yəni radikal təkfirçiləri hakimiyyətə gətirən Türkiyəyə meydan oxumaqdan başqa bir şey deyildi. Buna baxmayaraq, Ərdoğan hakimiyyəti bugünkü olayları proqnoz etmədən “Əsədsiz keçid” siyasətinə üstünlük verdi və Suriyanın daxili işlərinə birbaşa qarışmaqla təhlükəli addımlar atdı. Lakin Əsədin devrilməsi üçün sərf olunan enerji və resurslar nəinki məqsədə çatmadı, əksinə, Türkiyənin bölgədəki rolunu zəiflətdi. Məhz bunun nəticəsidir ki, druzların yaşadığı Süveyda bölgəsində baş verən son hadisələrdə Türkiyə əsas oyunçu kimi çıxış edə bilmədi. Bu isə Suriya içində Türkiyənin nüfuzunun azaldığını göstərdi və Türkiyə hazırda yeni geosiyasi konfiqurasiyada öz yerini yenidən müəyyən etməyə məcburdur.