İrəvan-Ankara arasında buzlar əriyir
Paşinyan: Münasibətlərin normallaşması yaxınlaşır
Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən Sülh Forumunda çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında imzalanan sülh razılaşması regionda yeni siyasi atmosfer yaradıb və bu, Türkiyə ilə münasibətlərin normallaşmasına da təkan verib.
Paşinyanın sözlərinə görə, Ermənistan ilə Türkiyə arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılması artıq yalnız zaman məsələsidir. Baş nazir vurğulayıb ki, bu istiqamətdə “əhəmiyyətli maneələr” qalmayıb və regionda sülhün bərqərar olması reallığa çevrilməkdədir.
Baş nazir həmçinin bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq bərpa olunub.
Paşinyan Azərbaycanla hələ tam imzalanmamış sülh müqaviləsi ilə bağlı şərtlərə də toxunub. O qeyd edib ki, Bakı Ermənistanın Konstitusiyasının dəyişdirilməsini tələb edir, lakin bu tələbin heç bir hüquqi əsası yoxdur. Zira 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasında qonşu dövlətlərə qarşı hər hansı ərazi iddiasının olmadığını rəsmən təsdiqləyib.
Baş nazir əlavə edib ki, sülh sazişinin yekun imzalanması bütün mübahisəli məsələləri hüquqi cəhətdən bağlayacaq və gələcəkdə fərqli yozumlara yer qoymayacaq.