Noy 21, 2025 11:33 Asia/Baku
  • İrəvan sərhədin tezliklə açılmasını istəyir - AKTUAL

Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaqda maraqlıdır, lakin bunun üçün iki qonşu ölkə arasında sülh müqaviləsinin imzalanmasını gözləyir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan həm Türkiyə ilə münasibətləri normallaşdırmaq, həm də Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir, amma bu iki proses bir-birindən asılı olmamalıdır.

Türkiyənin XİN rəhbəri Hakan Fidan isə bildirib ki, Ankara Ermənistanla sərhədi yalnız Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanandan sonra açacaq.

Fidan iddia edib ki, əgər Türkiyə sərhədi indidən açsa, Ermənistan Azərbaycana sülh imzalamaq üçün “motiv”ini itirər.

Bu arada Fidan “Zəngəzur dəhlizi” terminini işlədərək qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfi hələ bu məsələdə tam razılaşmayıblar. Çünki İrəvan yolun Ermənistanın suveren nəzarətində qalmasında israrlıdır.

Ermənistan vurğulayır ki, bu ərazi Ermənistanındır və ad qoymaq hüququ yalnız Ermənistana məxsusdur.

Bununla belə Ermənistan parlament nümayəndələri İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edib və orada Azərbaycan nümayəndələri ilə də görüşüblər.

Onlar bildirirlər ki, artıq regionda kommunikasiya yollarının açılması ilə bağlı praktiki danışıqlar başlayıb.

Beləliklə də İrəvan-Ankara münasibətləri normallaşmağa yaxın görünür, amma Türkiyə hələ də prosesi Bakının sülh müqaviləsi ilə şərtləndirir. Lakin Ermənistan bu iki prosesin bir-birindən asılı olmadığını deməklə Türkiyənin yanaşmasına qarşı çıxır.