Noy 18, 2017 10:31 Asia/Baku
  • Türkiyə: NATO-nun Norveçdə keçirilən təlim məşqlərindəki rəftarı təəssüfləndirici idi
    Türkiyə: NATO-nun Norveçdə keçirilən təlim məşqlərindəki rəftarı təəssüfləndirici idi

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Şimali Atlantika Alyansı NATO-nun Norveçdə təşkil etdiyi təlim məşqlərinin təşkilatçılarından 2 nəfərinin Türkiyə Cümhuriyyətinin banisi və hazırkı prezidentinə qarşı çirkin və aqressiv hərəkətini "təəssüfləndirici" adlandırıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi cümə günü axşam bir bəyanat yayaraq, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün fotoşəkilinin NATO-nun düşmənləri siyahısında dərc edilməsinə və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın adı altında saxta bir elektron  hesabın yaradılmasını "təəssüfləndirici" adlandırıb və bu çirkin hərəkətə yol vermiş şəxslərin cəzalandırılması prosesini yaxından, ciddi şəkildə izləyəcəyini bildirib. 

Bəyanatda həmçinin deyilir: Bu təəssüfləndirici hərəkət qeyri-əxlaqi və qəbuledilməz bir hərəkətdir. 

NATO-nun baş katibi Yiens Stoltenberq də Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Xülusi Akar ilə görüşdə baş verənlər üçün şəxsən üzr istəyib. 

Türkiyə prezidenti bu çirkin və düşməncəsinə olan hərəkətə reaksiya olaraq NATO-nun Norveçdəki hərbi təlimlərində iştirak edən 40 Türkiyə əsgərinin geri çağırılması barədə göstəriş verib. 

Bu hərbi təlimlərin sonuncu günündə (cümə günü) texniki məsələlər üzrə bir məsul şəxs düşmən hədəf olaraq təyin edilmiş nişangahların üzərinə Mustafa Kamal Atatürkün fotoşəklini yerləşdirib. Başqa bir addımda isə, Norveç ordusunun bir zabiti NATO-nun daxili sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın adı altında saxta bir hesab yaradaraq, NATO əleyhinə Ərdoğanın adından xoşagəlməz fikirlər səsləndirib. 

Bu məsələnin təsdiq edilməsinin ardınca, hər iki şəxs tutduqları vəzifədən azad ediliblər. 

NATO-nun Norveçdə keçirilən "Trident Javelin" adlı  hərbi təlimləri 8 noyabrdan başlayaraq, 17  noyabra kimi davam edib. 

Türkiyə 1952-ci ildə NATO-ya qoşulub. Ankaranın Moskvaya yaxınlaşması və son aylarda iki tərəf arasındakı əlaqələrin sürətlə genişlənməsi Türkiyə və NATO arasında gərginliyin artmasına səbəb olub. 

Teqlər