Türkiyə-ABŞ münasibətlərində gərginlik düyünü açıla bilərmi?
https://azeri.sahartv.ir/news/türkiyə-i295843-türkiyə_abŞ_münasibətlərində_gərginlik_düyünü_açıla_bilərmi
ABŞ dövlət katibi Vaşinqton və Ankara arasında münasibətlərdə gərginliklərin zirvədə olduğu vaxtda Türkiyə prezidenti ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2018 18:00 Asia/Baku
  • Türkiyə-ABŞ münasibətlərində gərginlik düyünü açıla bilərmi?

ABŞ dövlət katibi Vaşinqton və Ankara arasında münasibətlərdə gərginliklərin zirvədə olduğu vaxtda Türkiyə prezidenti ilə görüşərək danışıqlar aparıb.

Ankarada güclü təhlükəsizlik tədbirləri. ABŞ dövlət katibinə ev sahibliyi edən məkan. Özü də iki ölkənin münasibətləri olduqca korlanıb. Reks Tillerson Qahirə, Küveyt, Əmman, Beyruta səfər etdikdən sonra Ankaraya daxil oldu. Elə əvvəldə Ərdoğanla görüşdü. Üç saat yarımlıq görüş. Hətta tərcüməçisi də otağına girə bilmədi. Səbəbi bəlli deyil. Bəlkə də Türkiyə prezidentinin gileyləri amerikalı həmkarına birbaşa çatdırılmalıdır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: ABŞ Türkiyənin sərhədlərini hədələyən məsələlər haqda bizim nigaranlığımıza diqqət və 2016-cı ildə verdiyi vədləri yerinə yetirməlidir. Bizim gözləntimiz budur ki, Vaşinqton NATO-dakı müttəfiqi ilə Suriyanın şimalındakı terror qruplaşmaları arasında birini seçməlidir. YPG və PYD qruplarını Mənbicdən Fəratın şərqinə istiqamətləndirməlidir.

Heç kimə sirr deyil ki, Trampın iqtidara gəlməsi ilə ABŞ və Türkiyənin münasibətlərində gərginlik ikinci ilinə daxil olmuş və genişlənmişdir.

ABŞ dövlət katibi Reks Tillerson deyib: Bizim Suriyadakı məqsədlərimiz aydındır. Biz Türkiyənin narahatlıqlarını dərk edirik. Məqsədimiz İŞİD-lə mübarizə, Suriyada stabilliyi bərpa etmək, didərginlərin öz ölkələrinə qayıtması və Cenevrə müzakirələr prosesinin davam etməsidir. Mənbic bizim önəmli prioritetlərimizdəndir və strateji baxımdan yüksək əhəmiyyət kəsb edir.

ABŞ-ın uğursuz dövlət çevrilişində müdaxiləsi ittihamı, Vaşinqtonun Fətulla Güləni qaytarmaqdan çəkinməsi, Halk-Bankın sədr müavini Hakan Atilla və İran əsilli türkiyəli Rza Zərrabın çirkli pulların yuyulması və İrana sanksiyalara riayət etməməsi səbəbi ilə saxlanılması və korrupsiya ilə bağlı cinayət işinin açılması, Vaşinqtonun terrorçuları dəstəkləməkdə suçlanması, iki ölkə nümayəndəliklərində viza verilməsinin ləğv edilməsi, və nəhayət Suriyanın şimalında kürd qrupların ABŞ tərəfindən silahlandırılması iki NATO müttəfiqinin münasibətlərinin gərginləşməsinin səbəblərindən olmuşdur.

Türkiyə baş naziri Binəli Yıldırım deyib: ABŞ terror qrupları və Türkiyənin təhlükəsizlik düşmənləri ilə əməkdaşlıq etməsin. Çünki bu məsələ bizim müttəfiq ölkələrimizə yaraşmır.

Türkiyə rəsmilərinin tənqid barmağı ABŞ-ın Suriyanın şimalında terror qruplarını dəstəklədiyi yerə tuşlanıb. Türkiyənin ABŞ-a bütün xəbərdarlıqlarına rəğmən, Vaşinqton PYD və YPG qruplarına silahlar təhvil verdi, üstəlik Suriyanın şimalında onları öz müttəfiqi kimi rəsmən tanıdı. Bu hərəkət Türkiyənin Zeytun Budağı adı altında Suriyanın şimalına təcavüz etməsi ilə nəticələndi.

ABŞ dövlət katibinin Ankaraya səfəri elə bir halda baş tutur ki, bir sıra məsələlər haqda Ankara ilə Vaşinqton arasında ixtilaflar yerində qalmaqdadır. Buna görə bir çoxunun qənaətincə, bu səfər hazırkı durumda iki ölkə münasibətlərinin böhranının həlli ilə nəticələnməyəcək, bəlkə də NATO-nun iki müttəfiqinin əsasən regional münasibətlərinin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər.