Türkiyə prezident və parlament seçkilərinin nəticələri təsdiqlənib
Türkiyə Ali Seçki Şurası qəti nəticələri elan edərək bu ölkədə ötən həftə keçirilən parlament və prezident seçkilərini təsdiqləyib.
İRNA-nın məlumatına görə, Türkiyə Ali Seçki Şurasının sədri Sədi Güvən jurnalistlərə verdiyi müsahibədə deyib: 24 iyun 2018 tarixində keçirilən seçkilərdə ölkə daxili və xaricində səsvermə hüququna malik 59 milyon 354 min seçicidən 51 milyon 183 min 729 nəfər səsvermədə iştirak edib. Səsvermədə iştirak səviyyəsi 86,24% olmuşdur.
Güvən əlavə edib: Bu seçkilərdə hazırkı prezident və Ədalət və İnkişaf partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan 26 milyon 330 min 823 səs, başqa sözlə 52,59% səs toplayıb və yeni prezident seçilib.
Türkiyə Ali Seçki Şurası sədrinin elan etdiyi nəticələrə əsasən, parlament seçkilərində də Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf partiyası və Dövlət Bağçalının başçılıq etdiyi Milli Hərəkət partiyasından ibarət Cümhur İttifaqı 53,66% səs toplayıb və 600 nəfərlik mandatın 344-nü əldə edib.