Türkiyə və ABŞ Suriyada atəşkəs barədə razılaşıblar
-
Türkiyə və ABŞ Suriyada atəşkəs barədə razılaşıblar
Amerikanın vitse-prezidenti Ankarada Türkiyə prezidenti ilə görüşdən sonra bildirib ki, Amerika Suriyanın şimalında beşgünlük atəşkəsin bərqərarı haqda Türkiyə ilə razılaşıbdır.
Amerikanın vitse-prezidenti Mayk Pens dünən gecə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla görüşdən sonra bir mətbuat konfransında deyib: Türkiyə ilə Suriyada atəşkəs barədə razılaşdıq. Türkiyə tərəfi “Sülh bulağı” əməliyyatını dayandıracaq və YPG qrupu təhlükəsiz bölgədən çıxacaqdır.
13 bənddə tənzim olunmuş Amerika-Türkiyə birgə açıqlamasına görə, Amerika Ankaranın Suriyanın şimalındakı əməliyyatından sonra Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.
Türkiyənin xarici işlər naziri isə bir mətbuat konfransında deyib ki, Türkiyənin Amerika ilə razılaşması atəşkəs deyil, əməliyyatın dayandırılmasıdır. Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Suriyanın şimalındakı əməliyyatını dayandıracaq ki, kürd yarımhərbçilərin geri çəkilmələrinə nəzarət etmiş olsun.
BMT-nin baş katibi dünən gecə Türkiyə ordusunun Suriyanın şimalındakı əməliyyatının dayandırılmasını alqışlayıb. Antonio Quterreş bununla bağlı qeyd edib ki, BMT Suriyanın şimalında gərginliyin aradan qaldırılması və mülkilərin qorunması istiqamətində əlindən gələni əsirgəməyəcək.
Suriya prezidentinin siyasi və media müşaviri Bəsinə Şəban isə belə deyib: Amerika və Türkiyənin Suriyanın şimalı barədə razılaşması qaranlıqdır. O, Türkiyənin Suriyanın şimal-şərqində dırnaqarası təhlükəsiz bölgə yaratmaq üzrə səylərini pisləyərək, Ankaranın Suriyanın işlərinə müdaxilələrinin dayandırılmasını istəyib.
Türkiyə ordusunun Suriyanın şimalına hücumu, "terrorizmlə mübarizə" və "Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı kürdlərdən təmizlənməsi" bəhanəsi ilə çərşənbə günü, oktyabrın 9-da, ABŞ hökumətinin yaşıl işığı ilə başlandı.
Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları geniş beynəlxalq qınaqla üzləşibdir.