Türkiyəyə Əfqanıstanda yeni rol tapşırılır
Ərdoğan Əfqanıstanda nəyi həll etmək istəyir?-TƏHLİL
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyənin Kabul Hava Limanının mühafizəsini təmin edəcəyinə dair təklifini alqışlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Sallivan müxbirlərə deyib ki, Brüsseldə keçirilən NATO sammitində ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Təyyib Ərdoğan Türkiyənin Kabul Beynəlxalıq Hava Limanının mühafizəsini öz üzərinə götürməsi təklifini detallı şəkildə müzakirə ediblər.
Xatırladaq ki, ABŞ prezidenti Əfqanıstandakı bütün Amerika qüvvələrinin məlum 11 sentyabr hadisələrinin 20-ci ildönümünədək bu ölkədən çıxarılmasını əmr edib.
Prezidentin mövqeyindən fərqli oaraq bir müddət əvvəl Pentaqon şefi Loyd Austin və Odrunun baş qəragah rəisi Mark Milley Senatda keçirilən dinləmədə bildirmişlər ki, bütün xarici qüvvəlrin Əfqanıstanı tərk etməsi ilə bu ölkə vətəndaş müharibəsinin ağuşuna düşə və terror qrupları yenidən at oynada biləcəklər. Bu açıqlamalar bəlkə ona görə verilir ki, gələcəkdə mümkün hərbi müdaxilələri əsaslandıra bilsinlər.
May ayında xarici qüvvələrin Əfqanıstandan çıxarılmasına start veriləndən bəri bu, terror təşkilatlarının dirçələ biləcəyinə dair ən ciddi xəbərdarlıq hesab olunur. O da etiraf edilir ki, Əfqanıstanın daxilində terror qruplarına nəzarət üçün hərbi-təhlükəsizlik imkanı məhdudlaşacaqdır.
Belə bir şəraitdə ABŞ və NATO qüvvələrindən yarısının çıxarılmasına rəğmən Taliban və digər terror qruplaşmalarının fəallaşması fonunda bu prosesin təkmilləşəcəyi şübhə doğurmağa başlayıb. Təsadüfi deyil ki, Pentaqonun təhlükəsizlik məsələləri üzrə müavini Əlqaidə və Talibanın canlanması ilə Amerika qüvvələrinin yenidən Əfqanıstana qayıtmalarını istisna etməyib.
Bu kontekstdə Türkiyə öz maraqları naminə Əfqanıstanda fəallaşmaqla bu ölkədə nüfuz dairəsini genişləndirməyi, iqtisadi maraqlarını təmin etməyi və NATO-nun planlarında iştirak etməklə bu hərbi alyansa sadiq qaldığını nümayiş etdirmək niyyətindədir. Digər tərəfdən Türkiyə bu məqsədlə Pakistanla tərəfadaş olmağı gündəmə gətirməklə Taliban problemindən sığortalanacağını da düşünür. Lakin taliblərin ümumiyytlə xarici qüvvələrin mövcudiyyəti ilə müxalif olduqlarını nəzərə alsaq, bu siyasət fiaskoya uğraya bilər.