HDP-dən olan millət vəkilləri Şuşa bəyannaməsinin əleyhinə çıxış ediblər, lakin…
Türkiyə parlamentində Şuşa Bəyannaməsi təsdiqləndi
Ötən gün Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Bəyannamə həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib, 11 parlamentari isə bəyannaməyə qarşı çıxıb.
Məlumata əsasən, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) seçilmiş deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumatı təsdiqləyib.
Şamil Ayrım bildirib ki, həmin millət vəkilləri Xalqların Demokratik Partiyasının (HDP) üzvləridir:
“Xalqların Demokratik Partiyası separatçı partiyadır. Onlar sol partiya hesab olunur, Türkiyənin ölkə xaricinə əsgər göndərməsinə qarşıdırlar. Eyni zamanda Türkiyənin bütün xarici razılaşmalarına alət olmağa çalışırlar. Şuşa Bəyannaməsi parlamentə daxil olarkən, onlar bunu qəbul etməmişdilər. Lakin HDP-dən başqa hamı sənədin lehinə səs vermişdi. Çünki dörd partiyanın ortaq qərarı var idi”.
Qeyd edək ki, HDP 15 oktyabr 2012-ci ildə fəaliyyətə başlayıb. Türkiyənin siyasi arenasında radikal mövqe tutan partiyanın 55 üzvü parlamentdə təmsil olunur.
Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də ŞuşadaAzərbaycan Republikasının prezidenti İlham Əliyev və Türkiyə Republikasının prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Sənəddə ilk olaraq 1921-ci il Qars müqaviləsinə istinad edilir və göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa dayanan və zamanca 100 il bundan öncə böyük dövlətlərin də iştirakı ilə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Bu səbəbdən bəyannamənin əleyhinə çıxış edənlər bildirirlər ki, Azərbaycan başqa bir dövlətin himayəsi altına düşməklə suveren hüquqlarının bir qismini itirmək təhlükəsi ilə üzləşə bilər.