Mart 20, 2022 11:59 Asia/Baku
  •  ABŞ Türkiyəyə 

ABŞ Türkiyə ilə Rusiya istehsalı olan "S-400" raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını qeyri-rəsmi şəkildə müzakirə edib. 

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə “Reuters” üç mənbəyə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, ABŞ rəsmiləri bu təklifi ötən ay türkiyəli həmkarları ilə müzakirə ediblər, lakin heç bir konkret və ya rəsmi nəticə alınmayıb.

Onlar əlavə ediblər ki, məsələ dövlət katibinin müavini Vendi Şermanın bu ayın əvvəlində qısa müddət ərzində Türkiyəyə səfəri zamanı gündəmə gəlib.

Qeyd olunur ki, Bayden administrasiyası müttəfiqlərindən "S-300" və "S-400" sistemlərinin Ukraynaya təhvil verilməsini nəzərdən keçirməyi xahiş edir. Analitiklər bu təşəbbüsün Türkiyə tərəfindən qəti şəkildə rədd ediləcəyini proqnozlaşdırırlar.

Ekspertlər qeyd edirlər ki, Türkiyə indiki vəziyyətdə ülgüc üzərində addımlayır. Çünki Rusiyanın "S-400"-lərinin Ukraynaya verilməsi Rusiya Federasiyasının qəzəbinə səbəb ola bilər.

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “The New York Times” qəzetinə müsahibəsində ölkəsinin müharibə ilə bağlı mövqeyini şərh edərkən deyib: “Biz növbəti soyuq müharibəyə yol verə bilmərik, bu, hamı üçün pis olacaq və bütün beynəlxalq siyasi və maliyyə sistemi üçün baha başa gələcək. İstər hərbi, istər siyasi, istər iqtisadi, istərsə də başqa baxımdan Rusiyaya qarşı atdığımız hər bir qərar, hər addım bu yeni təhlükəsizlik arxitekturasına təsir edəcək”.

Teqlər