Fev 26, 2023 13:06 Asia/Baku
  • Türkiyədəki zəlzələ podratçı şirkətləri rüsvayçı vəziyyətə salıb

600-dən çox adam istintaqa cəlb edilib

Türkiyədə bir-birinin ardınca baş verən zəlzələlərdən sonra müxtəlif şəhərlərdə çökən binalarla əlaqəli olan 600-dən çox insana qarşı araşdırmalar aparılır.

Türkiyə mediası xəbər verir ki, bunlar tikinti podratçıları, bina sahibləri və mühəndislərdir.

Hazırda yoxlamalar davam edir və binaların çökməsində yeni dəlillərin aşkarlanması cinayət istintaqı üçün əsas götürülüb.

Mütəxəssislər zəlzələnin ardından bir çox binaların aşağı səviyyəli tikinti materiallarından tikildiyi və dövlət standartlarına cavab vermədiyi qənaətindədir.

Bəzi ekspertlər son zəlzələdə insanların əslində korrupsiya və rüşvətin qurbanı olduqlarını deyirlər. Xüsusilə də inşaat işində olan podratçı şirkətlər əsasən hakimiyyətə yaxın şirkətlərdir.

Narahatlıq doğuran ciddi məqamlardan biri də bundan ibarətdir ki, baş verən fəlakət təkcə insan itkiləri deyil, ciddi iqtisadi itkilər də doğurub. Belə ki, zəlzələnin ölkə iqtisadiyyatına təsirinin tam aradan qaldırılması üçün illərlə uzana bilər.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 bal gücündə və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 bal gücündə iki zəlzələ olub.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hadisə nəticəsində 45 minə yaxın insan həlak olub.

 

Teqlər