Türkiyə prezidenti İrana başsağlığı verdi
Ərdoğan: Türkiyə terrorla mübarizədə İranın yanındadır
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə İran prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilir ki, telefon danışığı zamanı Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.
Türkiyə lideri həmçinin İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırıb.
Türkiyə prezidentinin telefon zənginə cavab olaraq, İran İslam Respublikasının prezidenti də bildirib ki, terror İran xalqının birliyində, təhlükəsizliyində və strategiyasında zərbə vura bilməz.
Prezident vurğulayıb: “İran xalqının düşmənləri terror aləti ilə öz qeyri-qanuni məqsədlərinə nail ola biləcəklərini düşünürlər, lakin İran xalqı sübut etdi ki, bu cinayətlər onun birliyi, təhlükəsizliyi və strategiyasının pozulmasına səbəb ola bilməz”.