May 16, 2024 12:32 Asia/Baku
  • Türkiyə dövləti qənaət mexanizminə keçir

Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşək və ölkənin vitse-prezidenti Cevdet Yılmaz dövlət sektorunda yeni büdcə qənaət paketini elan ediblər. Bu paket çərçivəsində xəzinədarlıq üçün, təxminən 3 milyard dollar qənaət edilməsi planlaşdırılır.

Türkiyə dövlət sektorunda qənaət paketinə görə, dövlət sektorunda yeni işçilər yalnız pensiyaya çıxanların yerinə işə götürüləcək. Bundan əlavə, yeni avtomobillərin və binaların alınmasına və kirayəsinə üç illik qadağa tətbiq edilir, mebel və ofis avadanlığı kimi kiçik xərclər kəsilir.

Tədbirlər paketinə uyğun olaraq, 2024-cü ildə mal və xidmətlərə çəkilən xərclər 10%, investisiyalar 15%, reklam xərcləri 25% azalacaq.

Bundan başqa, dövlət tədbirləri çərçivəsində dövlət qulluqçularına xaricdə istehsal olunan avtomobillərdən istifadə etmək qadağan edilib. Dövlət sektorunun nümayəndələri üçün də xaricə işgüzar səfərlərə məhdudiyyətlər tətbiq edilib.

Nəzərdə tutulan tədbirlər arasında küçələrin işıqlandırılmasında işıq diodlarından istifadə, rabitə və arxiv işlərinin elektron formaya keçirilməsi də var.

Qənaət tədbirləri paketinə beynəlxalq görüşlər və milli bayramlar istisna olmaqla, nazirlik və idarələrin vəsaiti hesabına qəbulların, naharların və digər tədbirlərin keçirilməsindən imtina kimi maddələr də daxildir.

Qeyd edək ki, hazırda Türkiyə iqtisadiyyatı son onilliklərin ən ağır böhranlarından birini yaşayır. Belə ki, Böyük Britaniyanın ən böyük bankı olan HSBC ilin sonuna qədər türk valyutasının dollara nisbətdə məzənnəsinin 40 lirəyə qədər düşəcəyini gözləyir.

Türk lirəsinin dəyəri daha əvvəl tarixi minimumunu yeniləyərək ilk dəfə 32 TL/1 dolları keçib. Lirə bu ilin əvvəlindən dollara nisbətdə 9%, bütün ötən il ərzində isə 60% dəyər itirib.

Bundan əlavə, Türkiyədə apreldə illik inflyasiya, ölkənin Statistika İnstitutunun məlumatına görə, mart ayındaki 68,5%-dən 69,80%-ə yüksəlib. Bu, illik inflyasiyanın 84,39% olduğu 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Eyni zamanda, "ENAG"ın bir qrup müstəqil iqtisadçısı ötən ayın sonunda illik inflyasiyanı 124,35% qiymətləndirib.