İyun 27, 2024 11:29 Asia/Baku
  • Hakan Fidan: İsrail Qəzzədə etnik təmizləmə aparır

Türkiyənin xarici işlər naziri Hakan Fidan işğalçıların mühasirədə olan Fələstin anklavında hərbi cinayətlər törətməkdə davam etdiyini vurğulayıb.

Türkiyənin xarici işlər naziri bu barədə çexiyalı həmkarı Yan Lipavski ilə görüşündən sonra Ankarada təşkil olunan birgə mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, sionist İsrail rejimi Qəzzədə sözün əsl mənasında etnik təmizləmə aparmağa davam edir. Hər gün yeni hərbi cinayətlər törədilir.

Hakan Fidan Ankaranın “bütün platformalarda səsini ucaltmaqdan” əl çəkməyəcəyini və Qəzzədə işğalçıların cinayətlərinə son qoymaq üçün bütün diplomatiya vasitələrindən istifadə edəcəyini bildirib.

Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin Qəzzə zolağında həyata keçirdiyi əməliyyatlarının qurbanlarının sayı 37 min 700 nəfərə yaxındır. 8 ay yarım ərzində İsrailin işğalçı hücumları nəticəsində fələstinli yaralıların isə ümumi sayı 86,1 min nəfəri ötüb.