Ankara narahatlığını biruzə vermək istəmir
Kipr məsələsi Türk Dövlətləri Birliyini parçaladı - AKTUAL
Türk Dövlətləri Birliyinin Kipr məsələsində fikir ayrılığı rəsmi Ankaranı şok vəziyyətə salıb.
Türkiyə son illərdə Şimali Kipr Türk Cümhuriyyətinin ən azı Türk Dövlətləri Birliyi çərçivəsində tanınması üçün əhəmiyyətli səylər göstərsə də, üzv ölkələrin heç biri bu vaxtadək rəsmi Ankaranın istəyini yerinə yetirməyib. Ona görə də türkdilli respublikalar ilə adanın Yunan hissəsi arasında diplomatik əlaqələrin qurulması Ankarada narahatlıq doğurmaya bilməz.
Bu arada Türkiyənin özü üç Mərkəzi Asiya respublikasının Kiprlə bağlı siyasətinə rəsmi qiymət verməsə də, Şimali Kipr hökuməti qərarı sərt tənqid edib. Tanınmamış respublikanın nəqliyyat naziri və İntibah Partiyasının lideri Erxan Erikçi Türkiyə telekanallarından birinin efirində Ankaranı bu dövlətlərə qarşı “tədbir” görməyə çağırıb.
O deyib: “Türkdilli respublikalar arasında Qazaxıstan, Özbəkistan və Türkmənistan Kipr məsələsində tamamilə fərqli fikirlərə malikdirlər. Onlar Avropa ölkələri ilə əməkdaşlığa daha çox önəm verirlər. Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 12 milyard avro dəyərində layihə fondu ayırıb. Bu fonddan daha böyük pay almaq üçün bəzi türk respublikaları Aİ üzvləri ilə əlaqələri gücləndirməyə üstünlük verir, Cənubi Kiprdə səfirlik açırlar”.
Erikçinin sözlərinə görə, bu qərar Şimali Kipr türklərini “dərindən incitdi”.Türkiyənin hakim partiyasının müttəfiqi olan Böyük Birlik Partiyasının sədri Mustafa Destici də Kiprin yunan hissəsində türk respublikalarının səfirliklərinin açılmasını “qəbuledilməz” adlandırıb.
Destigi xatırladıb ki, Ankaranın təkidli tələblərinə baxmayaraq, Qazaxıstan və Özbəkistan Şimali Kiprin Türk Dövlətləri Birliyinə tamhüquqlu üzv kimi qəbuluna mane olub və hazırda Yunan Kiprində səfirliklər açıblar. Bununla da onlar qohumluq və qardaşlıq ruhuna zərbə vurdular.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üç üzvü - Özbəkistan, Qazaxıstan və Türkmənistan aprelin 4-də Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Şimali Kipr türklərinin müstəqilliyini qeyri-qanuni hesab edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq olduqlarını ifadə edən bəyannamə imzalayıblar. Bundan əlavə, bu respublikalar Kipr Respublikasına daimi səfirlər təyin etməklə adanın yunan hissəsi ilə diplomatik əlaqələrin səviyyəsini artırıblar.