İslamda insanın hüquq bərabərliyi və sosial ədalət məsələsi
İslam dini bəşər cəmiyyətində xeyrin daşıyıcısı olan, sosial həyatda xeyrin təntənəsinə xüsusi, böyük üstünlük verən dindir.
İslamın dini-fəlsəfi təlimi sosial ədaləti cəmiyyətin humanist meyarlarından biri kimi dəyərləndirir. Belə ki, ədalətsiz adət-ənənələrlə yaşayan, qəddar qanunlarla idarə olunan cəmiyyətdən insanpərvərlik gözləmək əbəsdir. İslam dünyanın ən haqqatərəfdar, haqqısevər dini kimi ədalət və humanizm tərəfdarıdır. Sosial mənşəyindən və mövqeyindən, hüquqi vəziyyətindən asılı olmayaraq hamının ədalətli olmasını tövsiyə və tələb edən islam solsial ədaləti bərabərsizliyin inkarı qismində təqdim edir. Məhz sosial ədalət hər cür əsarəti, zülmü və imanın insan tərəfindən istismarını rədd edir.
İslam təlimində bərabərlik sosial ədalətin ən ilkin əlaməti qismində təzahür edir. Cəmiyyətin sabit və ahəngdar inkişafı, insanın bir şəxsiyyət kimi formalaşması və faydalı bir fərdə çevrilməsi sosial ədalət şərtlərinə əməl olunmasının nəticəsidir. Sosial ədalətin hökmranlığı olmadan, insanların hüquq bərabərliyindən danışmaq çətindir.
İslam təliminin təbliğ etdiyi sosial ədalət, sadəcə olaraq nəzəriyyə, yaxud görüntü deyildir. İslam yarandığı ilk andan insanlara hər cür ədalətsizliyin aradan qaldırılması yollarını göstərmiş, bu yolda insanlara bələdçi olmuş, haqsızlıqları pisləmiş və indi də pisləməkdə davam edir. Ədalətsizlik, sosial bərabərsizlik və əsarət islam təlimində həmişəlik olaraq aradan qaldırılmalı olan sosial bəlalar kimi qiymətləndirilmişdir. İslama görə, bəşəriyyətin yolu haqq, ədalət və bərabərlik yolu olmalıdır.
İslam təlimi hüquq bərabərliyini də dünyanın bütün xalqlarına şamil edir. Ümumiyyətlə, sosial dəyərlərə yanaşmada təkcə ayrıca bir xalqın və ya millətin deyil, bütün insanlığın mənafelərinin müdafiəsini zəruri amil hesab edən islam, ilk növbədə "insan amilini" önə çəkir. İslam təliminə görə, bərabərlik insanlığa ayrı-ayrı xalqların birinin digərindən üstün olmasına görə verilmir. Bir-biri ilə müqayisədə üstünlüyə malik olan xalqın mövcud olmadığı kimi, biri digərindən qiymətli olan bərabərlik də yoxdur. Bərabərliyin, o cümlədən hüquq bərabərliyinin dəyərinə yanaşmanın da ədalətli yolu məhz bundan ibarətdir.
İslam təlimi sosial ədalət probleminə toxunarkən cəmiyyət üzvləri arasında münasibətlərin sosaial ədalət tələblərinə əsaslanmasına böyük üstünlük verir. Bütün insanlar, bəşəriyyətin özü hər cür qarşılıqlı münasibətlərdə ədalətə, onun müəyyənedici və tarazlaşdırıcı şərtlərinə möhtac olduğunu hiss etdirir. Bu, təbii hisddir. Həmişə yaxşılığa, özü və başqaları üçün xoş güzərana can atan insan yalnız ədalətli dəyərlərə söykənən sərvətlər əsasında xoşbəxt həyat qura bilər. Ümumbəşəri dəyərlər o yerdə qorunur və tərəqqi edir ki, orada insan məhz ədaləti özünə bayraq edir, onun bərqərar olmasına səy göstərir.
İslam təlimində sosial ədalət insanlar arasında həm də mənəvi istəklərin və maddi tələbatların müəyyən ölçüsü, meyarı qismində təzahür edir. Artıq tamahlığı, acgözlüyü və mal-dövlət hərisliyini əxlaqiliyə yaraşmayan keyfiyyət hesab edən islam mənəvi və maddi nemətlərdən hamıya eyni miqdarda pay düşməli olduğunu tövsiyə etməklə yanaşı, ehtiyacların ödənilməsində həddi gözləməməyi ədalətsizlik sayır. İslama görə, başlıca məsələ ehtiyaclara hörmətlə yanaşmaqdan ibarətdir. Ədalətin tələbi bütün cəmiyyət üzvlərinin ehtiyaclarına eyni mövqedən hörmət olunmasını zəruri və labüd edir. Belə hörmət isə tərbiyədən irəli gəlir. İnsan zəhmətinə arxa çevirib başqasının gərgin əməyi hesabına qazanılanları əldə etməyə aludə olmaq, özgənin malını, mülkünü mənimsəmək ümumbəşəri ideallara ziddir. Belə ədalətsizliklərə yol verən insan, ilk növbədə öz vicdanının səsindən qorxmalıdır. Çünki məhz vicdan səsi, vicdan mühakiməsi Tanrının ən ali məhkəməsidir.
Təsadüfi deyildir ki, sosial ədalətin bərqərar olması, onun qorunması uğrunda mübarizəni islam təlimi hər bir vicdanlı insanın borcu hesab edir. Bunun üçün isə fəal həyat mövqeyinin olması zəruridir. Belə mövqe insan vicdanını rövnəqləndirməklə yanaşı, ədalət uğrunda mübarizəyə aparan yolları işıqlandırır. Nəticədə isə, insan daha diqqətli müşahidəçiyə çevrilir.
İslamın dini-fəlsəfi təlimi və siyasi-hüquqi ideologiyası ümumbəşəri meyarlara söykənən ədalətli insanlığın ən gözəl keyfiyyətlərindən biri kimi dəyərləndirir. Bir-birinə kömək etmək, qarşılıqlı münasibətlərdə sadiq olmaq və hamını, hər kəsi öz vəziyyətində təsəvvür etmək, laqeydliyi və biganəliyi özündən uzaqlaşdırmaq islami ədalətin ən mühüm prinsiplərindən biridir.
İslam dünyanın monoteist dinləri içərisində bəşər cəmiyyətində xeyrin daşıyıcısı olan, sosial həyatda xeyrin təntənəsinə xüsusi, böyük üstünlük verən dindir. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, islam öz ardıcıllarını, eləcə də dünyanın bütün insanlarını xeyir və yaxşı işlər görməyə dəvət edir. Bu, Quranda öz parlaq inikasını belə tapır: "Allah ədalətli olmağı, yaxşılıq etməyi... əmr edir" ("ən-Nəhl" surəsi, ayə 90).
Müraciət olunan ayədə yaxşılıq ədalətdən də üstün tutulur. Çünki əgər ədalət insanın verməli olduğunu verməsini, almalı olduğunu almasını nəzərdə tutursa, yaxşılıq onun verməli olduğundan çox verilməsini, almalı olduğundan az almasını nəzərdə tutur. Deməli, bütün yaxşılıqlarda ədalətin müəyyən, özünəməxsus təzahür mücəssəməsi mövcuddur. Lakin göstərilən hər hansı ədalət hələ edilməli olan yaxşılığın təzahürü demək deyildir. Bu müddəa islami yaxşılığın, eləcə də islami ədalətin bəşər cəmiyyəti üçün məhz xeyirin üzərində pərvəriş tapdığını əks etdirən əxlaqi göstəricidir. Bu, islamın əxlaq fəlsəfəsinin parlaq inikasıdır və bütün insanlıq bundan həmişə faydalanmış, gələcəkdə də faydalanacaqdır.
İslamın əxlaq fəlsəfəsi insan cəmiyyətində nəyin yaxşı, nəyin pis, nəyin xeyir və nəyin şər olduğunu müfəssəl aydınlaşdırır. Bu aydınlaşdırma prosesində əldə olunan əqli nəticə belədir: insan yalnız yaxşı və xeyirli işlər görmək, insanlara və insanlığa fayda vermək üçün yaranmışdır. Pislik və şər isə bunun tam əksidir. İnsan bunlardan uzaq olmalı, başqalarını da buna dəvət etməlidir. Yaxşılıqla pislik, xeyirlə şər bir araya sığmazdır.
İslamın əxlaq fəlsəfəsinin yaxşılığın və pisliyin, xeyir və şərin qeyri-bərabərliyində israrlı olması heç də təsadüfi deyil. Nə pislik, nə də şər heç vaxt yaxşılığa və xeyirə bərabər tutula bilməz. Onların arasındakı fərq, məsafə Yerlə Göy qədərdir. Yaxud bu əxlaqi keyfiyyətləri bərabərləşdirmək ən böyük və bağışlanmaz ədalətsizlik olardı.
İslam dini yaxşılığı, xeyirli işləri insan mənəviyyatını saflaşdıran amillər kimi qiymətləndirdiyinə görə, zəruri məqamda ancaq yaxşılıq etməyə meyilli olmağı nəsihət edir. Yaxşılıqla pislik, xeyirlə şər əkiz olduqlarına və həmişə qoşa addımladıqlarına görə, onların arasında tərəddüd etməyi məsləhət görmür. Yəni insan seçim edərkən, eləcə də pisliyi və ya şəri aradan qaldırmağa səy göstərərkən, ancaq yaxşılığa meyil etməlidir. Yaxşılığa və ya xeyrə meyl, əslində elə pisliyin, yaxud şərin qarşısını almaq deməkdir. Bunu bizə Quran da nəsihət edir: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki bir dost görərsən! ("Füssilət" surəsi, ayə 34).
Göründüyü kimi, islam insanlara ancaq yaxşılıq etməyi, hətta ən çətin və mürəkkəb anlarda pisliyə meyil etməyi tövsiyə edir. İslamın əxlaq fəlsəfəsi pisliyə pisliklə cavab verməyi fəzilət deyil, qəbahət sayır. Pislikdən əl çəkməyin ən tutarlı cavabı yaxşılıqdır. Pislik bir qəbahət, səhvdirsə, ona pisliklə cavab vermək ikiqat səhvdir. Bu səhvi aradan qaldırmaq çətin olduğuna görə, insan özünə qarşı hər hansı pisliyə yaxşılıqla cavab verməlidir ki, qarşısındakı şəxs öz səhvini dərk etsin, əməllərindən utansın və dərin xəcalət hisləri keçirsin.
İslam dini ədalətin şərtlərinə və hökmünə əməl etməyi tələb edir. Ədalət şərtlərinin pozulması qarşılıqlı ünsiyyətlə, insani münasibətlərdə, mübadilədə, alqı-satqıda və insanlar arasındakı digər qarşılıqlı sövdələşmələrdə aldatmada, müxtəlif yalan vədlər vermədə, etibardan sui-istifadə və s. təzahür edir. Bütün bunlar insafsızlıqla və ədaləsizliklə müşayət olunur.
İslami ədalətin hökmünə əməl etmək hər bir fərdin xüsusi ehtiyatlılıq, hövsələ, səbr və təmkin tələb edir. Belə ki, ədalətin hökmünə əməl etmək zəruridir, lakin bu, başqa bir peşimançılığın meydana çıxmasına səbəb olmamalı, ilk növbədə tarazlıq gözlənilməlidir. Əks-təqdirdə, ədalət hökmünün icrası ədalətsizlik doğura bilər. Əgər hansı təhlükəli xəta, qeyri-əxlaqi davranış və ya hərəkət cəzalanmalıdırsa, həmin cəza qərəzli əvəzçıxmadan ibarət olmalı, ədalətin şərtlərinə əməl edilməklə müşayət olunmalıdır. Ədalətin hökmü nə qədər qəti olsa, onun mükafatı da bir o qədər inandırıcı və ümidverici olmalı, ədalətsizliyə yol vermiş şəxsi həyatın reallıqlarından küsdürməməlidir.
İslamın solsial mahiyyəti onun insanlar arasındakı qarşılıqlı münasibətləri düzgün bir məcraya-yaxşılığa və doğruluğa yönəltməkdən ibarətdir. İslam insanlar arasındakı münasibətləri, bütövlükdə cəmiyyətdə baş verən hadisə və prosesləri əxlaq normaları ilə tənzim edən sosial bir təsisat qismində çıxış edir. İslam sosial təsisat kimi mükəmməl bir təmələ malikdir. O, yol göstərən, bələdçilik edən və insanın həyat və fəaliyyət yollarını işıqlandıran sosial təsisatdır. Bu təsisatın mükəməlliyi ondan ibarətdir ki, islam dünyagörüşü qarşılıqlı münasibətlərdə möhkəm rabitə yaranmasını, qarşılıqlı anlaşmanı və səbəblə nəticənin üzvi bağlılığını tələb edir. Belə ki, isti qarşılıqlı münasibətlərin yaranması səbəblərinə münaqişələr deyil, bir-birinə yaxınlaşmaq istəyi və ədalətin şərtlərini qorumaq təşəbbüsü xidmət etməlidir. Məhz bu zaman istənilən müsbət nəticə əldə olunur. Əqidə, fikir və əməl birliyi ədalətin zəfər çalmasını şərtləşdirir, qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin hazırlayır.
İslami ədalət pisliyin, şərin və faydasız əməllərin yaxşılıqla, xeyirlə və faydalı əməllərlə əvəz olunmasını tələb edir. İslam dünyagörüşünə görə, kamillik nöqsanların, gözəllik çirkinliklərin, düzlük əyriliklərin əvəzləyicisidir. Bütün bunların fövqündə yeganə etalon - sosial ədalət dayanır. Sosial ədalət cəmiyyətin bətnindəki nöqsanların, bütün bəla və müsibətlərin yox olmasını istəyir. Çünki bunlar islamın vəsf və müdafiə etdiyi ilahi hikmətin tam əksini təşkil edirlər. Zülmün, zorakılığın, müxtəlif bəlaların və qeyri-əxlaqiliklərin aradan qaldırılması, yox edilməsi islami ədalətin prinsipial göstəricilərindən biridir. Çünki cəmiyyətin varlığın əleyhinə hər hansı qəsd ədalətsizlikdən savayı bir şey deyildir. Zülm və zorakılıq ədalətin deyil, rəzalətin və cəhalətin rəmzidir.
İslam dünyagörüşü tənzimləmənin özünü ədalətlə əlaqələndirir, yəni tənzimləmənin özündə də ədalət prinsipinə riayət etmək zəruridir. İnsanlar arasındakı qarşılıqlı münasibətlərin tənzim edilməsində mütənasibliyin və tarazlığın pozulması, yaxud nəyinsə həllində acizlik və zəiflik göstərilməsi təkcə bir fərdə deyil, bütün cəmiyyətə qarşı edilən zülm olardı.
İslami əqidəyə uyğun olaraq tənzimləmə hakimi-mütləqdir və onun şərtləri ədalət prinsipləri üzərində qurulmuşdur. Ona görə də qarşılıqlı münasibətlərdə nəyəsə fərq qoymaq, ayrıseçkiliyə yol vermək bir növ ağa qara, düzə əyri və şirinə acı demək olardı. Bəzən haqsızlıqla müşayət olunan tənzimləmə cəmiyyətdə elə bir iqlim və mühit formalaşdırır ki, mələk simalı insan sanki şeytana çevrilir, xeyirxahlığı ilə tanınan fərd iblis cildinə girir. Belə qeyri-normal mühitin aradan qaldırılmasında bəzən insan təfəkkürünün kömək edə bilmədiyi, yaxud cüzi kömək edə bildiyi məqamlarda cəmiyyəti düşünməyə vadar edən müxtəlif suallara cavab tapmaq zərurəti yaranır. Belə düşündürücü suallara yalnız elmi kamillik qüdərəti sayəsində cavab vermək olar. İslam dünyagörüşü məhz belə elmi kamillik qüdrətinə malikdir. Onun müddəalarını öyrənmək və mənimsəmək çox müşküllərin açılmasında insanın əlindən tutur, ona yüksək zirvələri fəth etməkdə yardımçı olur.
İslamda ədalət prinsiplərinin tarixçəsi şəhadət verir ki, Allahın ədaləti, yaxud "ilahi ədl" Tanrının xəlq etmək məsələlərində ədalətli olmasına dərin inamdan itbarət olan möhkəm bir əqidəyə əsaslanmağın parlaq təzahürüdür. Allah insanı muxtar və azad yaratmışdır. İnsanın azadlığı, iradəsi və bütün digər ixtiyarları onun öz əlindədir. İnsan külli-ixtiyar sahibidir və ona belə bir ixtiyarı məhz Tanrı əta etmişdir.
Kainatın bütün gözəllikləri və qeyri-gözəllikləri ilahi qüvvənin bəxş etdiyi sərvətlərdir. Deməli, Yer üzündə hər bir yaradılışın əksi də mövcuddur. Məsələn, hər bir cəmiyyətdə ədalət də, cinayət də vardır. Ədalətlə zülm, cinayətlə cəza və s. yanaşı addımlayan hadisələrdir. Onların yanaşı varlığı labüddür, lakin haqqı danmağa, zülmə haqq qazandırmağa əsasverici deyillər və ola da bilməzlər.