İran Amanonun hesabatı ilə bağlı dəyərləndirməsini yazılı şəkildə təqdim edəcək
Dek 05, 2015 17:03 Asia/Baku
-
İran Amanonun hesabatı ilə bağlı dəyərləndirməsini yazılı şəkildə təqdim edəcək
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi deyib: İran yaxın gələcəkdə MAQATE-nin baş direktorunun yekun hesabatı ilə bağlı hərtərəfli dəyərləndirməsini yazılı formada təqdim edəcək.
İRNA-nın məlumatına görə, Rza Nəcəfi deyib: MAQATE-nin baş direktoru Yokio Amanonun İranın nüvə proqramının ehtimal olunan hərbi cəhətləri işi(PMD) barədə hazırladığı hesabat bəzi mənfi və Tehran tərəfindən məqbul sayılmayan cəhətlərə malikdir. Və hesabatın yekun nəticə ilə bağlı hissəsində yer alan "Bəzi əlaqədar araşdırmalar" üzrə iddialar bu qəbildəndir.İranın MAQATE-dəki daimi nümayəndəsi əlavə edib: Amanonun hesabatı ümumilikdə İranın nüvə proqramında yayınma halının olmadığına və ötən 12 ildə İranın hərbi nüvə proqramına malik olması ilə bağlı mövcud olan iddiaların yalan olduğuna dəlalət etsdə də, hesabatda yer alan bəzi məsələlər hətta iddia həddində belə qəbuledilməzdir.
R.Nəcəfi əlavə edib: İran hazırda Amanonun hesabatını dəqiq formada araşdırmaqla məşğuldur və bu hesabat ilə bağlı özünün hərtərəfli dəyərləndirməsini yazılı şəkildə təqdim edəcək. Əlbəttə, hal hazırda bütün diqqətlər 5+1 qrupunun təklif etdiyi qətnamə layihəsi və PMD işinin MAQATE-nin Direktorlar Şurasında bağlı elan edilməsi məsələsinə yönəlib.
MAQATE-nin baş direktoru Yokio Amano çərşənbə günü(2 dekabr) PMD işi ilə bağlı yekun hesabatını yayımlayıb.
Bu hesabatda deyilir: 2009-cu ildən sonra İranın nüvə fəaliyyətlərində şübhəli hal müşahidə olunmayıb.
Nüvə anlaşmasına əsasən 5+1 qrupu İranın nüvə işinin bağlı elan edilməsi ilə bağlı qətnamə layihəsinin ilkin mətnini MAQATE-nin Direktorlar Şurasına üzv 35 ölkəyə təqdim etməlidir.
Direktorlar Şurası 15 dekabr iclasında İranın nüvə işi ilə bağlı keçmiş və hazırkı məsələlərin yəni, PMD işinin bağlı elan edilməsi üzrə qərar qəbul etməlidir.